12 dekabr 2025 09:29
62

Etimad mühiti sülhü möhkəmləndirəcək

“Ermənistan bu gün Türkiyə ilə Azərbaycan arasında yüklərin öz ərazisindən keçməsinə icazə verməyə hazırdır.”

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya səfəri zamanı bildirib. Baş nazir iki ölkə arasında əlaqələrin yüksələn templə davamından razılığını bildirib. Buna aid konkret faktlar da gətirib. O, Azərbaycanın öz ərazisindən Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını xatırladıb. “Azərbaycan Prezidentinin bu qərarını və bəyanatını çox yüksək qiymətləndirirəm, çünki bu, çox mühüm və müsbət hadisədir. Cəmi bir neçə ay əvvəl mümkünsüz görünən bu proses artıq reallığa çevrilib. Qazaxıstandan Ermənistana Azərbaycan və Gürcüstan ərazisindən keçməklə dəmir yolu ilə taxıl daşınıb”, - deyə o, bildirib.

Baş nazir bunun müstəqil Ermənistan tarixində misilsiz hadisə olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycanın bu jesti Ermənistanın otuz beş illik boğucu  blokadadan xilas olması deməkdir. Əgər Azərbaycan icazə verməsəydi dolayı yollarla Ermənistana gətirilən Qazaxıstan taxılı çox baha başa gələrdi. Ancaq Azərbaycan rəhbərliyi düşdüyümüz ağır vəziyyətə anlayış göstərərək taxılın öz ərazisindən daşınmasına icazə verdi. Biz vaxt itkisindən və böyük məbləğdə izafi xərclərdən xilas olduq. Eyni zamanda, bu addım xalqların yaxınlaşmasına, etimad mühitinin yaranmasına da möhkəm bir zəmanət verir. 

Nikol Paşinyanın sözlərinə görə, Ermənistan həm siyasi, həm də texniki baxımdan Türkiyə ilə Azərbaycan arasında yüklərin öz ərazisindən tranzitinə icazə verməyə artıq bu gündən hazırdır. Əslində bu, çoxdan belə olmalı idi. Lakin iki xalqı bir-birinə qarşı qoymaqla öz imperiya maraqlarını təmin edən dövlətlər bölgədə daim düşmənçilik toxumları səpiblər. Elə zəhərli toxum əkiblər ki, Ermənistanın Azərbaycanla münasibət qurması mümkün olmasın. Nəhayət, Ermənistanda hakimiyyət başına gələn Nikol Paşinyan  özündən əvvəlki dövlət başçılarından tam fərqli olaraq bu qanlı ənənəyə son qoyulmasına, qonşu xalqlarla əməkdaşlıq mühitinin yaradılmasına çalışır. Ona görə də həm daxildəki, həm də xaricdəki mürtəce qüvvələrin qəzəbinə tuş gəlib. Artıq üç ildən çoxdur ki, həmin qüvvələr Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün ona qarşı geniş hücuma keçiblər. Lakin Nikol Paşinyanın komandası və xarici dəstəkçiləri onların bütün hücumlarını zərərsizləşdiriblər.

Görünən odur ki, Nikol Paşinyan reallıqdan çıxış edir, qonşularla iki yüz il davam edən ağılsız və soyuq münasibətləri istiləşdirməyə cəhd edir. Çünki kiminsə fikri ilə qonşu xalqlara “buynuz” göstərmək, onların ərazilərinə göz dikmək və müharibələr etmək ziyandan başqa heç nə gətirə bilməz. Erməni təcavüzkarları onlara diktə edilən belə ağılsız niyyətlər ucbatından öz genefondlarını dəfələrlə məhvə doğru aparıblar. 1905-1907-ci, 1918-1923-cü və 1988-1994-cü illərdə on minlərlə erməni gənci kiminsə qudurğan iddiasının təmin edilməsi üçün həlak və yaralanıb şikəst olmuşlar. Birinci və İkinci Qarabağ müharibələrində də Ermənistanın genefonduna ağır zərbə vuruldu. Bunun da günahkarı bütün hallarda ölkənin rəhbər şəxsləri idilər.

 Nikol Paşinyan yeganə Ermənistan rəhbəridir ki, ölkəsini imperiya boyunduruğundan birdəfəlik qurtarmağa ciddi cəhdlər göstərir. Ona qarşı saysız tənqidlərə, təhdidlərə və açıq hədələrə baxmayaraq məqsədindən geri çəkilmir. Başa düşür ki, ölkəsinin rahat yaşaması üçün ilk növbədə Türkiyə və Azərbaycana əvvəlki münasibət tamamilə dəyişməli, axmaq xəyali ərazi iddialarına son qoyulmalıdır. ABŞ, İngiltərə, Fransa kimi dövlətlər Ermənistanın asılılqdan qurtarması üçün ona lazımi yardımları əsirgəmirlər. ABŞ-ın İrəvandakı diplomatik korpusunda əməkdaşların sayının üç min nəfərə çatdırılması buna ən bariz sübutdur. Hələ hərbi və maddi yardımları demirik. Ermənistanla Azərbaycan arasında Vaşinqtonda sülh müqaviləsinin Prezident Donald Trampın iştirakı ilə razılaşdırılması bu məsələdə bəd niyyəti olan ölkələrə ciddi siqnal oldu. Həmin ölkələr ABŞ-dan ehtiyat edərək Ermənistanın daxili işlərinə müdaxiləni gizli formaya keçirməli oldular. Məqsəd köhnə siyasi vəziyyəti bərpa etməkdir. İndi “qazanlar qapalı qaynayır.” 

Artıq Ermənistan iki yüz il müddətində çiynini əzən ağır yükdən xilas olmaq, azad nəfəs almaq, dünyaya inteqrasiya olmaq istəyir. İnteqrasiyanın yolu isə Türkiyə və Azərbaycandan keçir. “Ənənəvi” bədxahlarının təkidi və şirin vədləri ilə sərhədləri bitişik olan iki türk dövləti ilə mənasız düşmənçilik aparmaq kiçik və zəif Ermənistan üçün qəti yolverilməzdir. Gec də olsa səhvlərdən imtina edilməsi ölkənin xeyirinə olar. Ermənistan rəhbərliyi siyasi kursu dəyişərək sülh yolunu seçib. Atalarımızın müdrik kəlamı var: “Zərərin yarısından qayıtmaq da xeyirdir.”

Vəli İlyasov, “İki sahil”