Qazaxıstan BMT-də su resursları məsələlərinə yönələcək və mövcud institutların ayrı-ayrı mandatlarını birləşdirəcək ixtisaslaşmış beynəlxalq strukturun yaradılması təşəbbüsü ilə çıxış edib.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən "Sülh və etimad: davamlı gələcək üçün məqsədlərin birliyi" adlı plenar iclasda bəyan edib.
"Mövcud beynəlxalq institutlar, dar mandatlar çərçivəsində pərakəndə fəaliyyət göstərir, bu da artan su problemlərinin miqyasına uyğun gəlmir. BMT sistemində yalnız su məsələlərinə yönəlmiş xüsusi struktur yoxdur. Bu səbəbdən Qazaxıstan müxtəlif BMT təşkilatlarının bütün mövcud mandatlarını birləşdirə biləcək beynəlxalq təşkilatın yaradılmasını təklif edir", - Tokayev bildirib.
Onun sözlərinə görə, optimal variant qurumlararası mexanizmin tam xüsusi BMT agentliyinə və ya təşkilatına çevrilməsi ola bilər. Belə bir təşəbbüsün həyata keçirilməsi BMT-nin dayanıqlı inkişaf məqsədlərinə tamamilə uyğundur və bütün beynəlxalq ictimaiyyətin maraqlarına cavab verir.
Tokayev Xəzərdəki vəziyyətə xüsusi diqqət ayırıb. O xəbərdarlıq edib ki, regionun ekosisteminin hazırkı deqradasiya tempi ilə təhlükəli proseslər geri dönməz ola bilər və ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrin zəncirvari reaksiyasına səbəb ola bilər.
K.Tokayev xatırladıb ki, Qazaxıstan artıq Xəzər dənizi ekosisteminin dağılmasının qarşısını almaq üçün xüsusi dövlətlərarası proqramın hazırlanmasını təklif edib və dünya birliyini bu səyləri dəstəkləməyə çağırıb.
"Fikrimcə, su diplomatiyası sıx dövlətlərarası koordinasiya tələb edir", - deyə Prezident əlavə edib.