13 dekabr 2025 16:07
115

Qəbələnin hotel və mehmanxanaları 11 ayda 44 minə yaxın əcnəbi turistə xidmət göstərib

2025-ci ilin yanvar-noyabr aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 87 min 129 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 43 min 196 nəfəri və ya 49,6 faizi Azərbaycan, 43 min 933 nəfəri və ya 50,4 faizi xarici ölkə vətəndaşıdır.

“İki sahil” xəbər verir ki, bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, yanvar-noyabr aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli turistlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 min 576 nəfər və ya 21,3 faiz artım, əcnəbi turistlərin sayında isə 13 min 878 nəfər və ya 24 faiz azalma qeydə alınıb.

Cari ilin yanvar-noyabr aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, on bir ayda bu ölkənin 14 min 510 vətəndaşı Qəbələdə olub.

Ümumiyyətlə, yanvar-noyabr aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 9 min 428, Birləşmiş Ərəb Əmirliklərindən 5 min 214, Pakistandan 2 min 830, İsraildən 1904, Küveytdən 1531, Qətərdən 1011, Rusiya Federasiyasından 827, Omandan 390, Özbəkistandan 367, Türkiyədən 349, ABŞ-dan 290, Qazaxıstandan 281, Böyük Britaniyadan 245, Bəhreyndən 130, Ukraynadan 126, Yaponiyadan 124, Çindən 101 turist səfər edib. Gələnlərin 4275 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

On bir ayda Qəbələ rayonu ərazisində yerləşən 22 mehmanxana və mehmanxana tipli müəssisədən 17-si fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 123,1 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. Noyabrda turizm obyektlərində 1056 işçi çalışıb.