15 dekabr 2025 00:01
102

Münxenlilər Bundesliqada ikinci dəfə xal itiriblər

“Bavariya” Bundesliqanın 14-cü turunda öz meydanında “Maynts” klubunu qəbul edib.

“İki sahil” xəbər verir ki, Münxen təmsilçisi görüşdə oyunun sonuna yaxın vurduğu qolla məğlubiyyətdən xilas olub. Belə ki, qarşılaşmada hesabı matçın 29-cu dəqiqəsində “Bavariya”nın yarımmüdafiəçisi Lennart Karl açsa da, qonaqlar birinci hissənin sonunda (45+2) müdafiəçi Kasper Potulskinin qolu ilə tarazlığı bərpa ediblər. Görüşün 67-ci dəqiqəsində Yae-Sunq Li “Maynts”ı hesabda irəli çıxıb. “Bavariya” ancaq 87-ci dəqiqədə Harri Keynin 11 metrlik cərimə zərbəsindən vurduğu qolla məğlubiyyətdən xilas olub – 2:2.

Bununla da münxenlilər Bundesliqada ikinci dəfə xal itiriblər. Komanda 10-cu turda səfərdə “Union Berlin” ilə eyni hesablı heç-heçə etmişdi.

“Borussiya Dormund” da bu turda xal itirib. Dortmundlular səfərdə “Frayburq” ilə heç-heçə edib – 1:1.

Xatırladaq ki, turun açılış matçında “Union Berlin” öz meydanında “Leyptsiq”i 3:1 hesabı ilə məğlub edib. Ötən gün keçirilən görüşlərdə isə “Ayntraxt Frankfurt” öz meydanında “Auqsburq” üzərində 1:0 hesablı qələbə qazanıb. “Bayer” Leverkuzendə “Köln”ə qalib gəlib – 2:0. “Hoffenhaym” ev oyununda “Hamburq”u (4:1), “St Pauli” isə “Haydenhaym”ı (2:1) məğlubiyyətə uğradıb. “Borussiya Mönxenqladbax” öz meydanında “Volfsburq”a 1:3 hesabı ilə uduzub.

Turun sonuncu görüşündə “Verder Bremen” öz meydanında “Ştutqart” ilə qarşılaşır.

Hazırda çempionata 38 xalla “Bavariya” liderlik edir. “Leypsiq” 29 xalla ikinci, onunla eyni xala malik “Borussiya Dortmund” üçüncü pillədə qərarlaşıb.