44 günlük Vətən müharibəsi və 23 saat davam edən lokal antiterror əməliyyatlarından sonra Cənubi Qafqazda de-fakto sülh təmin olundub. Hətta Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin mətni paraflandı, vacib razılaşmalar da əldə edildi. Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırdı, etimad quruculuğu istiqamətində praqmatik addımlar atıldı və iki ölkənin vətəndaş cəmiyyətləri qarşılıqlı səfərlər etdilər. Şübhəsiz, bütün bunlarla Azərbaycan Cənubi Qafqazda regional sabitliyə töhfə verməkdə, ədalətli və dayanıqlı sülh yaratmaqda israrlı olduğunu nümayiş etdirir.
Yeri gəlmişkən qeyd edək ki, hazırda Azərbaycanla strateji tərəfdaşlığı yüksək səviyədə olan, Qərbə təslim olmaq, onun quluna çevrilmək istəməyən, amma Rusiya ilə gərginlik yaşayan Gürcüstan Cənubi Qafqazda Avropanın təzyiq mexanizmləri ilə üz-üzə qalıb. Ermənistanın isə Qərbin təsiri altında olması, ondan alət kimi istifadə edilməsi yeni bir xəbər deyil, yəni bu, danılmaz faktdır. Bu gün Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz siyasətində Ermənistana xüsusi önəm verməsi Avropanın Rusiya və İranı zəiflətməyə yönəlmiş geosiyasi hədəfləri ilə əlaqədardır. Elə Fransanın "drijor çubuğu" ilə oturub-duran Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətini davam etdirməsinin məğzində də bu faktın dayandığı inkar olunmazdır.
Asiya və Avropanın kəsişməsində yerləşən, zəngin enerji resurslarına malik Azərbaycan isə Cənubi Qafqazda müstəqil və sabit siyasət aparır. Elə bu səbəbdən müxtəlif qurumlar tərəfindən ölkəmizə qarşı qərəzli hesabatlar hazırlanır, saxtakarlıqlarla dolu açıqlamalar verilir. Rəsmi Bakı isə bütün bunlara tutarlı cavablar verməklə öz siyasi kursunu davam etdirir.
Görünür, bütün bunlar Aİ-nin ürəyincə deyil. Elə Aİ və Ermənistan arasında Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəd də bunu təsdiq edir. Şübhəsiz, həmin sənəddə müstəqil siyasət yürüdən Azərbaycanı hədəf alan məsələlərə (“köçkün düşmüş Qarabağ erməniləri" ifadəsinin işlədilməsi, məhkum edilmiş erməniəsilli şəxslərin "əsir" statusunda qeyd edilməsi, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə bir dəfə belə istinad olunmaması və s.) yer ayrılması qəbuledilməzdir. Burada bir məsələyə aydınlıq gətirmək yerinə düşər: halbuki Aİ bu marşruta dəstəyini ifadə etmişdi.
Yeri gəlmişkən, rəsmi Bakı bildirib ki, bu sənədin mahiyyəti regionda mövcud reallıqlara, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesinin həssas mərhələsinə birbaşa təsir edən amillərlə səciyyələnir. Bu, həm də Azərbaycan-Aİ münasibətlərinin perspektivlərinə da mənfi təsir göstərir. Şübhəsiz, Aİ-Ermənistan sənədində əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərinin yenidən gündəmə gətirilməsi sözün həqiqi mənasında təxribatdır.
Bütün bunlar isə ikili standartlardan çıxış edən Aİ-nin Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlı olmadığından, təcavüzkar ölkəni yeni müharibəyə təhrik etməsindən bir daha xəbər verir. Bu faktı ikili standartlardan çıxış edən Aİ-nin, ağızdolusu sülhdən danışan Ermənistan hakimiyyətinin rəsmilərinin sülh prosesinə zidd olan qeyri-konstruktiv addımları kimi dəyərləndirmək olar. Bunu həm də təcavüzkar ölkənin faktiki olaraq, yenidən ənənəvi davranış modelinə qayıdış kimi də yozmaq olar. Amma bu məsələ ətrafında bir qədər düşünməyə dəyər: təcavüzkar ölkə niyə belə addımlar atır, niyə yenə özgə havalara oynayır, belə havalara oynadığı yetməzmi? Ermənistan unutmasın ki, bütün mümkün olmayanları mümkün edən Azərbaycan öz siyasəti ilə onun Aİ-nin ətəyindən möhkəm yapışmaq istəyini də gözündə qoymağa qadirdir.
Qvami Məhəbbətoğlu, “İki sahil”