15 dekabr 2025 21:09
126

"Neftçi" 1 xal qazandı

Misli Premyer Liqasında XV turun son oyununda "Neftçi" "Sumqayıt"la qarşılaşıb.

“İki sahil” xəbər verir ki, "Palms Sports Arena" baş məşqçi Yuri Vernidubun rəhbərliyi ilə ilk oyuna çıxan paytaxt təmsilçisi 2:2 hesablı heç-heçəyə razılaşıb.

Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 34-cü dəqiqədə İmad Faraj hesabı açıbsa, Bassala Sambu 49-cu dəqiqədə "ağ-qaralar"ın üstünlüyünü iki topa çatdırıb. Bununla belə, Bakı kollektivi qələbə hesabını qoruya bilməyib.

"Gənclik şəhəri" təmsilçisinin heyətində 74-cü dəqiqədə Nsana Simon fərqi minimuma endirib. Final fitinə 9 dəqiqə qalmış isə Səbuhi Abdullazadə adını tabloya yazdırmaqla komandasını məğlubiyyətdən xilas edib.

Turnir cədvəlində "Sumqayıt" 27 xalla üçüncü, "Neftçi" isə 17 xalla səkkizincidir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:1), "Kəpəz" "Qəbələ"ni (1:0), "Qarabağ" isə "Araz-Naxçıvan"ı (5:1) məğlub edib. "İmişli" - "Karvan-Yevlax" matçında isə qalib müəyyənləşməyib -1:1.