19 dekabr 2025 10:02
90

Yeni mobil tətbiq tədris prosesində nələri dəyişəcək?

Hazırda təhsil sahəsində innovativ texnologiyaların tətbiqi sürətlə davam edir. Bu çərçivədə müəllimlərin işlərini asanlaşdırmaq və tədris prosesini daha interaktiv etmək məqsədilə yeni bir mobil tətbiq istifadəyə verilib. Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanan “Müəllim” tətbiqi mövcud elektron jurnalın funksional imkanlarını genişləndirir və istifadəçilərə sistemə mobil telefon vasitəsilə daha rahat və operativ çıxış imkanı yaradır. Bu cür texnoloji yeniliklərin müəllimlərin işini asanlaşdırmaqla yanaşı, tədris prosesini müasir tələblərə uyğun hala gətirəcəyi və şagirdlər üçün daha maraqlı, səmərəli dərs saatlarının təşkil olunmağına şərait yaradacağı gözlənilir.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, ölkənin təhsil ekosistemində son illərdə müşahidə olunan dinamik rəqəmsallaşma prosesi, Elm və Təhsil Nazirliyinin “Rəqəmsal məktəb” layihəsi çərçivəsində təqdim etdiyi “Müəllim” mobil tətbiqi ilə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur: "Bu innovativ addım sadəcə texnoloji yenilik deyil, eyni zamanda, təhsil menecmentinin modernləşdirilməsi və müəllim əməyinin optimallaşdırılması istiqamətində atılmış strateji addımdır. Yeni tətbiqin əsas üstünlüyü mövcud elektron jurnal sisteminin funksional imkanlarını stasionar kompüterlərin hüdudlarından çıxararaq birbaşa mobil mühitə, yəni müəllimin gündəlik iş ritminə inteqrasiya etməsidir. Bu keçid tədris prosesinin kağız üzərindən tam rəqəmsal müstəviyə transferini sürətləndirməklə yanaşı, müəllimlər üçün vaxt itkisini minimuma endirir. İndi şagirdlərin davamiyyətinin saniyələr ərzində qeydə alınması, təlim nəticələrinin mütəmadi monitorinqi, eləcə də formativ və summativ qiymətləndirmələrin dərhal sistemə daxil edilməsi tədrisin idarə olunmasında operativliyi təmin edən əsas amillərə çevrilir. Tədris planının mobil cihaz üzərindən asanlıqla idarə olunması isə müəllimə pedaqoji fəaliyyətində daha böyük çeviklik qazandırır.                     

Xüsusilə vurğulamaq lazımdır ki, müasir dövrün tələblərinə uyğun olaraq məlumatların təhlükəsizliyi və fərdi dataların qorunması sistemin əsas xüsusiyyətlərindən biridir. Yüksək texnoloji standartlara əsaslanan bu yanaşma həm müəllim, həm də şagird məlumatlarının konfidensiallığını etibarlı şəkildə təmin edir."

Pərvinə Qədimova özünün də bu tətbiqin istifadəçisi olduğunu dedi: "Düşünürəm ki, “Müəllim” tətbiqi həmkarlarımızı vaxt aparan inzibati işlərdən və mexaniki qeydiyyatdan azad edərək, onların bütün diqqətini şagirdlərin fərdi inkişafına və tədrisin keyfiyyətinə yönəltməsinə imkan yaradacaq: "Tədris prosesinin cib telefonundan idarə olunması müəllimlərə məkandan asılı olmayaraq operativlik qazandırır və məlumatların anlıq işlənilməsi sayəsində təhsildə şəffaflığı yeni səviyyəyə qaldırır. Hazırda Bakı şəhərinin ümumi təhsil müəssisələrində uğurla sınaqdan keçən bu layihənin gələcəkdə mərhələli şəkildə ölkə səviyyəsində vahid ekosistemə çevrilməsi, Azərbaycan təhsilinin tam rəqəmsallaşmasını təmin etməklə yanaşı, həm də süni intellekt əsaslı analizlər vasitəsilə strateji qərarların verilməsinə yol açacaqdır."

Şahnigar Əhmədova, "İki sahil"