Avropa Parlamenti (AP) məkrli, qərəzli və ikili standartlara əsaslanan fəaliyyətini davam etdirir. Bu günlərdə Avropa Parlamentində Azərbaycanla bağlı təşkil edilən dinləmələr bir daha göstərdi ki, bu qurum ölkəmizə qarşı məkrli niyyətlərini ikili standartlar, əsassız iddialar , yalan məlumatlar üzərində qurulmuş arqumentlərlə ört-basdır etməyə cəhd edir. Bu qurumun Azərbaycanda insan haqları ilə bağlı dinləmələr təşkil etməsi fonunda Ermənistanda təkcə 2025-ci ildə onlarla müxalifətçinin, dini xadimin, jurnalistin və ictimai fəalın uydurma ittihamlarla həbs edilməsi faktına susması açıq siyasi riyakarlıq nümunəsinin bariz nümunəsidir. Gizli deuil ki, bu gün Avropa Parlamentində qərəz, yalan, ikili standartlar, korrupsiya tüğyan edir. Hamımız yaxşı xatırlayırıq ki, bu qurum COP29 kimi mötəbər tədbirin keçirilməsi ərəfəsində və keçirildiyi dövrdə kənar qüvvələrin təsiri ilə Azərbaycana qarşı hibrid hücumların fəal iştirakçısı olmuşdur.
Açığını desək, son illərədək Avropada “demokratiyanın dayaqlarından biri” kimi tanınan Avropa Parlamentinin qərəzli fəaliyyəti, bir çox hallarda ikili standartlardan çıxış etməsi heç kimə sirr deyil. Ötən illərin təcrübəsi göstərir ki, bu gün AP-da olan bir sıra deputatlar açıq şəkildə kənar sifarişləri yerinə yetirir və Azərbaycana münasibətdə ikili standartlar əsasında davranırlar. Bu qurum daim çox sadə şəkildə yalan və qərəz nümayiş etdirir. AP-nin Azərbaycana qərəzli münasibətinə dair kifayət qədər nümunələr var. Elə buna görə də Avropa Parlamentinə bütün dünyada inam və etibar sarsılıb.
Avropa Parlamentinin ikili standartlardan və qərəzli mövqedən çıxış etməsi bun günlərdə Azərbaycanla bağlı təşkil edilən dinləmələrdə özünü bir daha göstərdi.

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr növbəti dəfə qərəzli kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilir: “Çünki burada Avropa İttifaqı Cənubi Qafqazda sülh prosesinə və təhlükəsizlik sisteminə qarşı çıxış edir və şübhəsiz ki, Brüssel öz maraqlarını güdür. Çünki Ermənistan ərazisində Avropa İttifaqının missiyası fəaliyyət göstərir və Avropa Parlamentində yaxşı anlayırlar ki, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh mühiti möhkəmlənərsə Avropa İttifaqının missiyası regionu tərk etməlidir. Bundan əlavə, bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında paraflanan sülh sazişində göstərilən maddələrdən birində deyilir ki, Azərbaycan və Ermənistan sərhəddində üçüncü qüvvələrə aid birləşmələr geri çəkilməli və regionu tərk etməlidir”.
Politoloq qeyd etdi ki, bu da birbaşa olaraq Avropa İttifaqının Ermənistan ərazisində yerləşən missiyasına aid olan məsələdir: “Eyni zamanda, Ermənistan və Avropa İttifaqı arasında da son dövrlər imzalanan siyasi gündəlik və vizyon həm də Ermənistan vasitəsilə Avropa İttifaqının regiona müdaxilə etmə cəhdlərini ifadə edir və bir tərəfdən Ermənistanda seçkiqabağı hakim elitaya dəstəyin nümayiş olunması göstərilir, digər tərəfdən burada anti-Rusiya ritorikasına da şahidlik etmək olar”.
İ.Hüseynova görə, xüsusilə Avropa Parlamentində dinləmələr zamanı regional sabitlik və TRİPP marşrutuna dair heç bir fikirlərin ifadə olunmaması da təəssüf doğurur: “Beləliklə, söyləmək olar ki, Avropa İttifaqı həm də ABŞ-ın vasitəçiliyi ilə regionun mühüm sülh təşəbbüsünə qarşı öz niyyətini qoyur. Bu da ABŞ-da yeni qəbul olunan Milli Təhlükəsizlik Strategiyası ilə bu və digər formada bağlıdır və məlumdur ki, ABŞ ilə Avropa arasında da hazırda fikir ayrılıqları mövcuddur. Avropanın təhlükəsizliyi ilə bağlı avropalı məmurlar ciddi düşünürlər və burada da ABŞ-ı günahlandırırlar. Eyni zamanda, bu sənəddə də Avropanın təhlükəsizliyi ilə bağlı Avropanın gözlədiyi fikirlər yoxdur”.
Zahid Rza, “İki sahil”