26 dekabr 2025 12:30
148

“Azneft” İB 106 saylı orta məktəbdə şagirdlər üçün növbəti səyyar tibbi müayinə aksiyası keçirib

SOCAR-ın “Azneft” İstehsalat Birliyi (İB) və “PAŞA Sığorta” ASC-nin birgə təşkilatçılığı, “Olimp Hospital”ın dəstəyi ilə şagirdlər üçün növbəti səyyar tibbi müayinə aksiyası Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin yaxınlığında yerləşən 106 saylı orta məktəbdə keçirilib.

Korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində uşaq, yeniyetmə və gənclər arasında profilaktik müayinə mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsi, onların sağlamlığının qorunması məqsədilə təşkil olunan ikigünlük aksiya zamanı 100 nəfərdən artıq şagird tibbi müayinədən keçirilib.

“Olimp Hospital”ın peşəkar həkim heyəti tərəfindən şagirdlər tam ödənişsiz şəkildə pediatrik və oftalmoloji müayinələrə cəlb olunublar.

Bununla yanaşı, göz müayinəsi zamanı optik eynəyə ehtiyacı müəyyən edilən şagirdlərə ödənişsiz eynək kuponları təqdim edilib.

Qeyd edək ki, layihə çərçivəsində ilk aksiya "Azneft" İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin yaxınlığında yerləşən 50 saylı orta məktəbdə təşkil edilmişdi.

Orxan Vahidoğlu, “İki sahil”