29 dekabr 2025 16:13
97

Heç bir sabotaj bizi haqlı davamızdan döndərə bilməyəcək - Baxçalı

Türkiyədə MHP sədri Dövlət Baxçalı sosial media hesabında “Terrorsuz Türkiyə” hədəfi ilə fikirlərini paylaşıb. 

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

O, qeyd edib ki, “Terrorsuz Türkiyə” hədəfi ilə birlikdə sülhün, təhlükəsizliyin və əmin-amanlığın gücləndiyi bir dövrdə, bəşəriyyətin ortaq düşməni olan DEAŞ terror təşkilatının yeni qanlı təxribatı bu səhər saatlarında Yalovada baş verib: "DEAŞ-çı terrorçulara qarşı keçirilən əməliyyat zamanı təəssüflə bildirməliyəm ki, üç qəhrəman polis əməkdaşımız şəhid olub, səkkiz polis əməkdaşımız və bir gözətçi isə yaralanıb. Heç bir daxili və xarici mənbəli hücum, sui-qəsd və ya sabotaj bizi haqlı davamızdan, “Terrorsuz Türkiyə” qətiyyətimizdən döndərə bilməyəcək. Xüsusilə muzdlu qatil kimi meydana sürülən DEAŞ terror təşkilatının bizə qarşı yönəldilməsi ölkəmizi və millətimizi qorxuda bilməyəcək, milli əzmimizi və duruşumuzu sarsıtmayacaq".

MHP sədri qeyd edib ki, “Terrorsuz Türkiyə” hədəfinin nə qədər doğru və tarixi bir siyasi baxış olduğu daha aydın şəkildə ortaya çıxıb. DEAŞ-ın yatmış və ya fəal, passiv və ya hərəkətdə olan terrorçu hüceyrələrinin təmizlənməsi istiqamətində güzəştsiz mübarizə davam etdiriləcək, bu müqəddəs vətəndə heç bir terrorçuya, heç bir xain və düşmən niyyətinə icazə verilməyəcək. Millətimiz arxayın olsun -terror bəlasının kökü hər tərəfdən qazınacaq.