30 dekabr 2025 15:05
93

Bayramda düzgün qidalanma NECƏ OLMALIDIR?

Bayram günlərində müxtəlif və dadlı yeməklərin bolluğu bəzən düzgün qidalanma vərdişlərindən uzaqlaşmağa səbəb olur. Düzgün qidalanma orqanizmin həddindən artıq yüklənməsinin qarşısını alır və bayramdan sonra yarana biləcək narahatlıqları minimuma endirir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, bayram günləri istehlak edilən qidaların uyğunluğuna diqqət yetirilməsi tövsiyə olunur. Süfrədə həddən artıq yağlı, şirin və ağır qidaların miqdarı nəzarətdə saxlanılmalıdır. Qızartma əvəzinə sobada və ya buxarda bişirilmiş balıq və ət yeməklərinin seçilməsi daha sağlam olmaqla yanaşı, faydalı maddələrin qorunmasına da kömək edir.

Bayram süfrələrində kalorili sousların, xüsusilə mayonezin əvəzinə qatıq, kefir və ya xamadan hazırlanmış daha yüngül və faydalı souslardan istifadə edilməsi məqsədəuyğundur. Eyni zamanda, qazlı və şəkərli içkilərdən mümkün qədər uzaq durmaq, onların əvəzinə su, ayran və ya təbii meyvə içkilərinə üstünlük verilməsi tövsiyə olunur.

Bayram günlərində sürətli şəkildə yemək ən çox rast gəlinən səhvlərdən biridir. Yeməklərin sakit, tələsmədən yeyilməsi və yaxşı çeynənilməsi həzmi asanlaşdırır və ümumi sağlamlıq üçün daha faydalı hesab olunur.