02 yanvar 2026 16:30
143

Bütün dünya bizim Zəfərimizi qəbul edir

Biz Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. 

Bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində söyləyib: “Bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür”. Yeri gəlmişkən qeyd edək ki, hətta bu Qələbə dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlənib. Bununla da Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinib. 
Şübhəsiz, bu prosesdə Azərbaycan Silahlı Qüvvələrinin, onun əsgər və zabitlərinin göstərdiyi misilsiz qəhrəmanlıq böyük rol oynayıb. Daha doğrusu, Vətən müharibəsi dövründə hərbçilərimizin peşəkarlığı, fədakarlığı, xalqımızın yumruq kimi birləşməsi bu Zəfərimizi şərtləndirib. Yeri gəlmişkən, son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb. Belə ki, son 5 ildə həm yerli, həm də xaricdən alınan silah və texnika Ordumuzun potensialına əlavə olunub. Xüsusi Təyinatlı Qüvvələrin, həmçinin yeni yaradılmış Komando Qüvvələrinin say tərkibi bir neçə dəfə artırılıb. Yeri gəlmişkən, Bakı şəhərində möhtəşəm şəkildə keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi paradda son illər ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirilib. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirdiyi kimi, biz yeni müharibəyə hazırlaşmırıq: “Bizim üçün müharibələr arxada qaldı”. Bu, hazırda dünyada baş verən proseslərdən irəli gəlir. Belə ki, hazırda dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Azərbaycan isə bu prosesdə sadəcə müşahidəçi mövqedə dayanmır.

Üstəlik, Azərbaycan zəfər çalmış ölkə kimi məğlub edilmiş Ermənistana sülh əlini də uzadıb. Artıq bu istiqamətdə əməli addımlar da atılmaqdadır. Belə ki, xeyli vaxtdır ki, Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində heç bir itki müşahidə olunmayıb, etimad quruculuğu istiqamətində praqmatik addımlar atılıb və iki ölkənin vətəndaş cəmiyyətləri heç bir vasitəçi olmadan qarşılıqlı səfərlər ediblər. Artıq Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişinə də başlanılıb. Bəli, beş ildir ki, iki ölkə de-fakto sülh şəraitində yaşayır.

Bu sakitlikdən iki ölkə də quruculuq işlərində kifayət qədər yararlanmaqdadır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində bu gün böyük quruculuq işləri aparılır. Belə ki, ermənilər tərəfindən xarabazarlıqlara çevrilmiş, minalanmış məkanlarda yeni yaşayış binaları ilə yanaşı, yeni yollar, tunellər, körpülər, elektrik stansiyaları və s. inşa edir. Artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılıb. Elə bu kimi siyasətinə görə, Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Hətta dünyanın aparıcı beynəlxalq aktorları ölkəmizlə əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Yeri gəlmişkən qeyd edək ki, ölkəmiz  ötən il D-8 beynəlxalq təşkilatına üzv olmaqla yanaşı, Orta Asiya ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü də seçilib. Şübhəsiz, bütün bunlar  Azərbaycanın bu gün nə qədər önəmli ölkə olduğunu əyani şəkildə göstərir. 

Bəli, Azərbaycan bütün bunlara siyasi iradəsi, müstəqil siyasəti ilə nail olub. Rəsmi Bakı ciddi iradə ortaya qoyub, heç kimin qarşısında baş əyməyib, heç kimə imkan verməyib ki, onun işinə qarışsın. Bütün bunlar bir daha göstərir ki, bu Zəfər siyasətimiz siyasi, iqtisadi və diplomatik müstəvilərdə  mövqeyimizi  daha da gücləndirməkdədir. Şübhəsiz, bu siyasət 2026-cı ildə də ölkəmizə yeni nailiyyətlər bəxs edəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”