06 yanvar 2026 14:15
200

“Enterprise Azerbaijan” nümayəndələri “RenoVoltis” startap komandası ilə görüşüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının nümayəndələri enerji və aqrar sahələrdə innovativ həllər təqdim edən “RenoVoltis” startap komandası ilə görüş keçiriblər.

“İki sahil” xəbər verir ki, görüşdə “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, layihə meneceri Aydan Hüseynzadə, eləcə də “RenoVoltis” startapının nümayəndələri Abdullah Budaqov və Əli Qasımov iştirak ediblər.

İsa Qasımov Enterprise Azerbaijan” portalının fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və startap ekosisteminin inkişafına yönəlmiş təşəbbüslər barədə ətraflı məlumat verib. “RenoVoltis” startapının nümayəndələri isə layihənin əsas məqsədləri, aqrar sahədə qarşıya çıxan problemlərə təklif etdikləri həll yolları və gələcək inkişaf planları ilə bağlı təqdimat ediblər.

“RenoVoltis” aqrar sahə üçün innovativ BFE (Bio Fermentation Energy) sistemi təqdim edən startapdır ki, bu sistem fermaların tullantılarını enerjiyə çevirməyə və bu sayədə enerji xərclərini, eləcə də karbon dioksid emissiyalarını azaltmağa imkan verir.

Görüşün nəticəsi olaraq, “RenoVoltis” startapına “Enterprise Azerbaijan” portalı tərəfindən mentor dəstəyinin göstərilməsi barədə razılıq əldə olunub. Bu əməkdaşlıq startapın institusional inkişafına və bazara çıxış imkanlarının genişlənməsinə töhfə verəcək.