08 yanvar 2026 11:00
139

Ötən gün narkotiklərlə əlaqədar 35 fakt müəyyən edilib

Yanvarın 7-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 71, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 və dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 35 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 47,6 kiloqrama yaxın narkotik vasitə və 240 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 52 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 15 avtomat silahı, 3 pulemyot, 5 tapança, 5 qumbara, 6 alışdırıcı, 39 tüfəng, 1 patron darağı və 5 min 565 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər də saxlanılıb.