08 yanvar 2026 23:16
261

Azərbaycan siyasətində vətəndaş amili əsas prioritetdir

Müasir dünyada dövlətlərin dayanıqlı inkişafı həyata keçirilən siyasətin insan faktoruna verdiyi dəyərdən birbaşa asılıdır. Bu baxımdan ölkəmizdə formalaşdırılan daxili və xarici siyasətin əsas istiqamətlərindən biri vətəndaşların rifahının yüksəldilməsi, sosial müdafiənin gücləndirilməsi və insan kapitalının inkişafıdır. Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində vurğuladığı “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil.” nüansı bu siyasi mövqeyi tam təsdiqləyir. Mövcüd yanaşma onu deməyə əsas verir ki, dövlətimizin siyasətində əsas diqqət mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Son illər ölkədə reallaşdırılan sosial-iqtisadi islahatlar əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlib. Minimum əməkhaqqı və pensiyaların mərhələli şəkildə artırılması, sosial müavinətlərin əhatə dairəsinin genişləndirilməsi, aztəminatlı ailələrə göstərilən dövlət dəstəyi sosial dövlət modelinin praktik tətbiqinin göstəricisidir. Görülən tədbirlər dövlət siyasətinin real insan ehtiyaclarına əsaslandığını nümayiş etdirir.

Vətəndaşların təhlükəsizliyinin təmin olunması da prioritet istiqamətlərdən biri olaraq qalır. 2020-ci ildə əldə edilən tarixi Qələbə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, eyni zamanda illərlə yurd həsrəti ilə yaşayan insanların ədalətə olan inamının bərpası kimi qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma torpaqlarına qayıdışı insan yönümlü siyasətin bariz nümunəsidir.

Təhsil və səhiyyə sahələrində həyata keçirilən islahatlar da uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. Yeni təhsil müəssisələrinin və tibb ocaqlarının inşası, rəqəmsal xidmətlərin tətbiqi, icbari tibbi sığortanın ölkə üzrə genişləndirilməsi vətəndaşların keyfiyyətli xidmətlərə çıxış imkanlarını xeyli dərəcədə artırır. Bu addımlar bilikli və sağlam cəmiyyətin formalaşmasına xidmət edir.

Gənclər siyasəti də dövlətimizin xüsusi diqqət mərkəzində saxladığı sahələrdəndir. Gənclərimizin təhsil, məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, onların ictimai proseslərdə fəal iştirakının təşviqi ölkəmizin gələcəyinə hesablanmış strateji yanaşmanın göstəricisidir. Ümumilikdə aparılan siyasət onu göstərir ki, Azərbaycan dövləti üçün vətəndaş anlayışı sadəcə statistik göstərici deyil. Sosial rifahın yüksəldilməsi, təhlükəsizliyin təmin olunması və davamlı inkişafın əldə edilməsi insan amilinin ön planda tutulması ilə reallaşdırılır. Məhz bu yanaşma cəmiyyətlə dövlət arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır.

David Həsənov,
YAP Naxçıvan şəhər təşkilatının məsləhətçisi