08 yanvar 2026 18:55
833

"ACWA Power" "yaşıl layihə"ləri ilə ölkəmizin inkişafına töhfə verir

Bu şirkətlə əməkdaşlığın tarixi qısa olsa da, perspektivləri böyükdür

Ölkəmiz uzun illər qazıntı yanacaqlarından gəlir əldə edib və indi bu sərvəti bərpaolunan enerjiyə yönəldir. 2025-ci il də ölkəmiz üçün bərpaolunan enerji sahəsində mühüm qərarların, iri investisiya layihələrinin və beynəlxalq tərəfdaşlıqların genişləndiyi il kimi yadda qaldı. İl ərzində normativ-hüquqi təşəbbüslərdən tutmuş Günəş, külək və su elektrik stansiyalarının inşası, yaşıl enerji dəhlizlərinin inkişafı və yeni texnologiyaların tətbiqinədək bir sıra əhəmiyyətli hadisələr baş verdi. Bunlardan bir neçəsini qeyd etmək yerinə düşər: Ötən ilin may ayında Prezident İlham Əliyev Laçında “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyalarının açılışında iştirak etdi. İyunun 2-dən 4-dək Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum” keçirildi. Avqustun 3-də "Xızı-Abşeron" KES test rejimində enerji istehsalına başladı. 12 avqustda Biləsuvarda gücü 445 meqavat olacaq GES layihəsi ilə bağlı ilk Günəş paneli dayağının quraşdırılması və tikinti işlərinə başlanıldı. Avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı oldu. 25-26 sentyabr tarixlərində Bakıda “Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi” keçirildi. 2 oktyabrda 445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyasında ilk günəş panelinin quraşdırılması mərasimi baş tutdu. Eləcə də 28 oktyabr tarixində Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoydu. 15 dekabrda Abşeron və Ağdaş yarımstansiyalarının ərazisində regionun ən iri batareya enerji saxlanc sistemlərinin qurulmasına başlanıldı və s.

Bu ilin də ölkəmiz üçün bərpaolunan enerji sahəsində yadda qalan illərdən biri olacağı şübhəsizdir. Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsi bunu deməyə əsas verir. Ölkəmizin enerji potensialını gücləndirəcək və 240 meqavat gücündə olan bu stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcək. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bununla bağlı bildirdi: “Mən yaxşı xatırlayıram ki, düz dörd il bundan əvvəl - 2022-ci ilin yanvar ayında bu salonda bu stansiyanın təməlini qoymuşduq. Bu illər ərzində fəal iş aparılmışdır və bu gün biz bu gözəl hadisəni birlikdə qeyd edirik. İlk növbədə, bu stansiyanın tikintisində əməyi keçmiş bütün insanlara, şirkətlərə təşəkkürümü bildirmək istəyirəm, ilk növbədə, investor olan “ACWA Power” şirkətinə, onun rəhbərliyinə. Bu, “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir”.

Dövlət başısının sözlərinə görə, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Demək olar ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir: “Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək”.

Həmçinin qeyd olundu ki, ötən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır.

Gələcək planlardan danışan Prezident İlham Əliyev dedi: “Nəzərə alsaq ki, bizdə bərpaolunan enerji potensialı çox artacaq, əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır. Bunu “AzərEnerji” öz vəsaiti hesabına icra edir”.

Qeyd edək ki, Azərbaycanda bərpaolunan enerji mənbələrinin dinamik inkişafı üçün "AzərEnerji" tərəfindən genişmiqyaslı batareya enerji saxlanc sistemlərinin gətirilərək qurulmasına başlanılıb. "AzərEnerji" ASC-nin məlumatına görə, bütünlükdə MDB məkanında gücünə və tutumuna görə ən böyük BESS-ləri olan bu enerji obyektləri paytaxta yaxın 500 kV-luq "Abşeron", eləcə də ölkənin mərkəz hissəsində yerləşən 220 kV-luq "Ağdaş" yarımstansiyalarının ərazilərində qurulur. Ümumi gücü 250 meqavat, enerji tutumu isə 500 meqavat-saat olan mərkəzlər üçün batareya saxlanc sistemlərinin ilk partiyası artıq bu günlərdə ölkəyə gətirilib. Hər birinin çəkisi 36 ton olan batareya saxlanc sistemləri polis müşahidəsi ilə xüsusi qaydada təyinatı üzrə yerlərinə çatdırılaraq quraşdırılıb. Artıq saxlanc sistemlərinin 15 faizi ölkəyə gətirilib və qalan 85 faizi isə aprel ayına qədər gətirilərək quraşdırılacaq. Xatırladaq ki, "AzərEnerji" tərəfindən Batareya Saxlanc mərkəzlərinin yaradılması enerji sisteminin dayanıqlığının artırılması, tezliyin sabit saxlanılması, bərpaolunan enerji mənbələrində dəyişkənliyin balanslaşdırılması, pik yüklərin ödənilməsi, Günəş enerjisinin azalması saatlarında yük qrafikinin hamarlanması və qəza hallarında enerji sisteminin sıfırdan bərpası baxımından strateji əhəmiyyət daşıyır. Bu sistemlər Azərbaycanın enerji müstəqilliyini gücləndirməklə yanaşı, enerji şəbəkəmizin həm qonşu ölkələrlə paralel, həm də müstəqil rejimində etibarlı fəaliyyətini təmin edəcək.

Ümumiyyətlə, imzalanmış müqavilələr əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşası nəzərdə tutulub. Son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Proqnozlara görə, Azərbaycanın quru ərazisində 37 giqavatlıq külək və Günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 giqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 giqavata yaxın qiymətləndirilir.

Sevinc Azadi, “İki sahil”