Yanvarın 8-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 72, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 və dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 39 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 57 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 65 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 avtomat silahı, 4 tapança, 49 qumbara, 6 alışdırıcı, 7 mərmi, 77 tüfəng, 91 patron darağı, 3 min 85 ədəd müxtəlif çaplı patron və 7 ədəd süngü-bıçaq aşkar edərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər də saxlanılıb.