09 yanvar 2026 08:55
92

Xarici siyasətdə böyük uğur

Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət vacib yer tutur. Ölkəmiz üzv olduğu təşkilatlar müstəvisində fəal siyasət həyata keçirir. Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar regional və beynəlxalq əməkdaşlıq üçün imkanları daha da artırdı. Azərbaycanın enerji, logistika, nəqliyyat və digər sahələrdəki rolu onu daha da cəlbedici edir. Başqa əhəmiyyətli məqam isə ölkənin siyasətdə ədalətli mövqe sərgiləməsi, haqlının yanında olması, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipini birmənalı olaraq dəstəkləməsidir. Azərbaycanın D-8 təşkilatına üzvlüyü ölkəmizin diplomatik və iqtisadi uğurlarının daha bir zirvəsidir.

2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib.

“D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Müsəlman dünyasının ən böyük ölkələrini birləşdirən D-8 təşkilatın yeganə yeni üzvünün Azərbaycan olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq”.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir.

Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdardır. Ölkəmiz ilk dəfə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə təmsil olunub.

Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq.

D-8 ölkələrinin 2030-ci ilə qədər qəbul edilən birgə Yol Xəritəsinin əsas hədəflərindən biri üzv ölkələr arasında ticarət dövriyyəsinin qlobal ticarətin 15-20% çatdırılmasına nail olmaqdır. Azərbaycanın D-8 təşkilatına qoşulmaqla müxtəlif hədəflərə çatmaq istiqamətində dinamik addımlar atması milli iqtisadiyyatında böyüməsi ilə nəticələnəcək.

D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Azərbaycanın belə bir təşkilata üzv olması onun beynəlxalq aləmdə nüfuzunun artmasına nümunələrdəndir. Bu, respublikanın etibarlı bir dövlət olduğunu, davamlı, ardıcıl xarici siyasət yürütdüyünü göstərir. Azərbaycanın D-8-ə qəbul edilməsi ona etimaddan irəli gəlir. Bu, Azərbaycanın beynəlxalq əməkdaşlığa, iqtisadi inteqrasiyaya və sülhə sadiqliyinin göstəricisidir. Azərbaycan, D-8 üzvü kimi, həm təşkilata, həm də qlobal səviyyədə Prezident İlham Əliyevin strateji baxışları nəticəsində Azərbaycan yalnız regional deyil, qlobal miqyasda da öz nüfuzunu daha da gücləndirir.

Şəhla Rəhimova,
YAP Xətai rayon təşkilatının “Cavanşir 11” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü