Beynəlxalq münasibətlər sistemində dövlətlərin qarşılıqlı ittifaq qurması regional sabitliyin və iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvəsidir. Bu kontekstdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə, "Strateji Tərəfdaşlıq" səviyyəsinə yüksəlmişdir. Bu tərəfdaşlıq təkcə iki ölkənin rifahı üçün deyil, həm də Avrasiya materikinin nəqliyyat-logistika xəritəsinin yenidən formalaşması baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan-Çin strateji tərəfdaşlığı XXI əsrin çağırışlarına cavab verən, sülhə, sabitliyə və inkişafa yönəlmiş bir modeldir. Bu münasibətlər hər iki dövlətin milli maraqlarına tam cavab verməklə yanaşı, həm də regionun iqtisadi mənzərəsini dəyişdirən mühüm amildir. Gələcəkdə bu əməkdaşlığın daha da dərinləşməsi Azərbaycanın logistik mərkəz kimi mövqeyini möhkəmləndirəcək və ölkəmizin qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirəcəkdir.
Eyni zamanda Azərbaycan-Çin münasibətlərinin təməlində qarşılıqlı hörmət və bir-birinin suverenliyini tanıma prinsipləri də dayanır. Azərbaycan hər zaman "Vahid Çin" siyasətini dəstəkləmiş, Çin isə öz növbəsində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmışdır.
Bu gün Azərbaycanda fəaliyyət göstərən Konfusi İnstitutları, tələbə mübadiləsi proqramları və turizm sahəsindəki yeniliklər xalqların bir-birini daha yaxından tanımasına xidmət edir, mədəniyyət, idman və elm sahəsindəki təmaslar strateji tərəfdaşlığın mənəvi sütunlarını möhkəmləndirir.
COVID-19 pandemiyası dövründə hər iki ölkə güclü iradə nümayiş etdirərək, bu qlobal bəlaya qarşı mübarizədə həmrəylik nümayiş etdirərək, bir-birini dəstəklədi, Çin əldə etdiyi peyvəndi ilk təqdim etdiyi ölkələrdən biri də Azərbaycana oldu.
2025-ci ildə böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan starteji tərəfdaşlığımız oldu. Bu tərəfdaşlıq sözün əsl mənasında "Hərtərəfli Strateji Tərəfdaşlıq" statusuna malik il oldu. Belə ki, Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanan sazişlər iki ölkə arasında siyasi etimadı ən yüksək səviyyəyə çatdırdı. İqtisadi sahədə "Orta Dəhliz" layihəsi canlandı. Bakıda Çinin BYD şirkəti ilə birgə elektrik avtobuslarının istehsalına başlanıldı və yaşıl enerji sahəsində nəhəng müqavilələr imzalandı. İşğaldan azad edilmiş ərazilərdə Çin texnologiyasına əsaslanan "yaşıl kənd təsərrüfatı" zonaları qurularaq məhsuldarlıq artırıldı, Çin şirkətləri Qarabağ və Şərqi Zəngəzurun bərpasında, xüsusilə "Ağıllı kənd" layihələrində müasir texnoloji avadanlıqlarla daha aktiv iştirak etməyə başladılar. Rəqəmsal sahədə "5G" texnologiyasının tətbiqi və böyük məlumat mərkəzlərinin (Data Center) qurulması üçün strateji yol xəritəsi icra olundu. Nəticədə, Azərbaycan həm rəqəmsal, həm də fiziki yollarla Çini Avropaya bağlayan ən etibarlı "Rəqəmsal İpək Yolu" qovşağına çevrildi.
Artıq Azərbaycan-Çin tərəfdaşlığı özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ” Azərbaycan-Çin münasibətləri bu gün özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Bu əlaqələr təkcə iqtisadi mənfəətlərə deyil, həm də dərin tarixi köklərə və siyasi etibara əsaslanır “.
Atılan hər bir addım göstərir ki, bu dostluq və tərəfdaşlıq həm Bakı, həm də Pekin üçün strateji prioritet olaraq qalacaq və gələcək nəsillər üçün daha güclü bir əməkdaşlıq mirası buraxacaqdır.
Türkanə Kərimova,
Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının məsləhətçisi