09 yanvar 2026 10:02
83

“Xızı‑Abşeron” Külək Elektrik Stansiyasının açılışı: Enerji məsələsinə strateji baxış

8 yanvar  Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı‑Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş çıxış etdi və ölkənin enerji siyasətində yeni mərhələnin başladığını bildirdi. Prezident çıxışına tədbir iştirakçılarını səmimi salamlayaraq başladı və bu günün Azərbaycan üçün əlamətdar bir tarix olduğunu vurğuladı. Dövlət başçısı bildirdi ki, “Xızı‑Abşeron” stansiyasının istismara verilməsi ölkənin enerji potensialını daha da gücləndirəcək və ümumi sosial‑iqtisadi inkişafa mühüm təsir göstərəcək. Prezident qeyd etdi ki, bu layihənin təməli dörd il əvvəl, yanvar 2022‑ci ildə qoyulmuş və bu müddət ərzində genişmiqyaslı işlər həyata keçirilmişdir. Dövlət başçısı layihənin gerçəkləşməsində əməyi keçən hər kəsə, xüsusilə layihənin investoru olan “ACWA Power” şirkətinə təşəkkürünü bildirdi. Bu, şirkətin Azərbaycandakı ilk bərpaolunan enerji layihəsi olsa da, “bu son olmayacaq”, - deyə Prezident əlavə etdi. Çıxışında İlham Əliyev ölkənin enerji sisteminin inkişafına dair strateji yanaşmanı da önə çəkdi. Son illərdə enerji generasiya gücünün təxminən 10 000 MVt‑a çatdığını və bu, tarixi rekord olduğunu qeyd etdi. Prezident vurğuladı ki, əldə edilən bu göstərici gələcəkdə bərpaolunan enerji sahəsində daha böyük layihələrin həyata keçirilməsinə imkan verəcəkdir.

Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, gələcək illərdə daha çox bərpaolunan enerji obyektləri istifadəyə veriləcək. Belə ki, Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə yeni enerji obyektlərinin açılışı nəzərdə tutulur. Bu, ölkənin yanacağın ekoloji təmiz mənbələrinə keçid strategiyasının davamı olacaqdır.

Dövlət başçısı beynəlxalq sərmayədarları bu sahəyə qatılmağa dəvət edərək bildirdi ki, bərpaolunan enerji sektorunun inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir və bu sahədəki potensial həm daxili istehlak, həm elektrik enerjisi ixracı üçün geniş imkanlar yaradacaqdır.

“Xızı‑Abşeron” stansiyasının açılışı ilə yanaşı, Azərbaycanda enerji transformasiyasının yeni mərhələsinə qədəm qoyulduğu açıq‑aydın görünür. Bu stansiya yalnız milli enerji balansını gücləndirmək ilə qalmır, həm də ölkənin yaşıl enerji hədəflərinə doğru yolunu sürətləndirir.

Nəbi Sadıqov,
YAP Xətai rayon təşkilatının fəalı