11 yanvar 2026 14:12
186

Dini konfessiyaların fəaliyyəti diqqət mərkəzində olanda - ŞƏRH

Əhalisinin mütləq əksəriyyəti müsəlman olan Azərbaycan dünyada müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birliyini yaradan ölkə kimi tanınır. Azərbaycan müxtəlif dinlərə sitayiş edən, müxtəlif dillərdə danışan bütün etnik qrupların birgəyaşayışını təmin etmək üçün geniş və sistemli fəaliyyət göstərir. Belə ki, Prezident İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayrı-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə müraciətlər edir, dini və milli bayramlarda insanlar arasında olur, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icrasına nəzarət edir.

Bu günlərdə Prezident İlham Əliyevin Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncamı da bunu bir daha təsdiq edir. Ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi, dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi məqsədi ilə imzalanmış Sərəncama əsasən, 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 400 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 400 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 400 min manat, Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 400 min manat və Alban-Udi xristian dini icmasına 400 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb.

Bununla əlaqədar Dini konfessiyaların Məşvərət Şurası Prezidentə təşəkkür məktubu ünvanlayıb. Məktubda Azərbaycan dini icmalara göstərilən yüksək diqqət və qayğıya, əməli dəstəyə görə dərin ehtiram və minnətdarlıq ifadə edilib. "Biz, Azərbaycandakı dini konfessiyaların başçıları, Sizin şəxsiyyətinizlə, ölkədaxili və bəşəri əhəmiyyət kəsb edən qərar və təşəbbüslərinizlə fəxr edir, dünya müstəvisində qazandığınız etimad səviyyəsi ilə qürur duyuruq. Azərbaycan Sizin öndərliyinizlə müdrik dövlət idarəçiliyi nümunəsi ilə göstərir ki, ənənəvi dəyərlərə ehtiram, multikultural irs və dinc yanaşı yaşamaq mədəniyyəti sayəsində dövlətlər necə böyük zəfərlər qazana, xarüqələr yarada bilərlər" - deyə din xadimləri qeyd ediblər. Məktubda, həmçinin qeyd olunub ki, bütün dindarlar hər zaman ölkə rəhbərinin yanındadırlar, onun müdrik daxili və xarici siyasətini dəstəkləyirlər.

Yeri gəlmişkən, ölkəmizdə tarixi məscid və ziyarətgahlarla yanaşı, kilsə və sinaqoqlar da təmir olunur, yeniləri inşa edilir. Azərbaycan həm də tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində də kifayət qədər tədbirlər həyata keçirir. Azərbaycan son illər bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib.  

Bir məsələni də vurğulayaq ki, dünyanın bir çox ölkəsində din xadimlərinin forumları keçirilirsə də, Azərbaycandakı tədbir öz mahiyyətinə görə onlardan fərqlənir. Belə ki, digər ölkələrdə bu cür forumlar adətən tək bir dinin təmsilçilərinin iştirakı ilə məhdudlaşır. Odur ki, müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın bütün dini icma rəhbərlərinin bir arada, qarşılıqlı hörmət və səmimiyyət şəraitində çıxış etmələri xarici ölkələrdə maraqla qarşılanır. Elə bu kimi səbəblərdən ölkəmizə gələn hər bir din xadimi Azərbaycanda dövlət-din münasibətlərini yüksək qiymətləndirir. Fikrimizcə, bu məqamda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun ötən il dekabrın 24-də keçirilən Azərbaycan Din Xadimlərinin ikinci Forumunda çıxışında dediyi bu sözlərini qeyd etmək yerinə düşər: “Bizim Vətənimiz tarixən müxtəlif sivilizasiyaların qovuşduğu, fərqli etnosların və dinlərin bir ailə kimi, qarşılıqlı hörmət və sevgi şəraitində yaşadığı nadir mənəviyyat mərkəzlərindən biri olub. Bu coğrafiyada tolerantlıq hər bir azərbaycanlının mənəvi dünyasına həkk olunmuş həyat tərzidir”. Şübhəsiz, bütün bunlar Azərbaycanda tolerantlığın dövlət siyasətinin prioritet istiqamətlərindən və əsas hədəflərindən birinə çevirməsinin nəticəsidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”