12 yanvar 2026 01:15
68

Azad olunmuş ərazilərində beynəlxalq tədbirlərin keçirilməsinin strateji əhəmiyyəti

Azərbaycan Respublikasının 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi qələbə təkcə hərbi-siyasi baxımdan deyil, eyni zamanda regional və beynəlxalq münasibətlər sistemində yeni reallıqlar yaratmışdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad olunması ilə Azərbaycan uzun illər davam edən münaqişə dövrünü arxada qoyaraq postmünaqişə mərhələsinə qədəm qoymuşdur. Bu mərhələnin əsas xüsusiyyətlərindən biri azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri ilə yanaşı, beynəlxalq səviyyəli tədbirlərin təşkili olmuşdur.

Son illərdə Şuşa, Xankəndi, Ağdam, Laçın, Füzuli və digər ərazilərdə keçirilən beynəlxalq forumlar, konfranslar, mədəni tədbirlər və rəsmi səfərlər təsadüfi xarakter daşımır. Bu tədbirlər Azərbaycan dövlətinin məqsədyönlü strategiyasının tərkib hissəsi kimi çıxış edir və bir neçə mühüm istiqamətdə xüsusi əhəmiyyət daşıyır. 

Beynəlxalq tədbirlərin ərazilərdə keçirilməsi həmin ərazinin faktiki və hüquqi statusu ilə birbaşa bağlıdır. Qarabağda beynəlxalq tədbirlərin təşkili, ilk növbədə, Azərbaycanın bu torpaqlar üzərində tam suverenliyinin nümayişidir. Uzun illər münaqişə zonası kimi təqdim edilən bu ərazilərin artıq Azərbaycan dövlətinin nəzarətində olduğu, burada təhlükəsizlik və idarəetmə mexanizmlərinin tam formalaşdığı faktiki olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılır. 

Bu tədbirlər vasitəsilə Azərbaycan beynəlxalq aləmə açıq mesaj verir: Qarabağ məsələsi bağlanmışdır. Xarici nümayəndə heyətlərinin, beynəlxalq təşkilatların və diplomatik korpusun bu bölgələrə səfəri dövlət suverenliyinin praktik təsdiqi rolunu oynayır. Bu, xüsusilə beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqelərini daha da gücləndirən amildir.
Beynəlxalq forumlar, mədəni festivallar və rəsmi tədbirlər göstərir ki, Qarabağ artıq müharibə sonrası xaos məkanı deyil, əksinə, sabitliyin, təhlükəsizliyin və inkişafın bərpa olunduğu ərazidir. Xarici qonaqların bu tədbirlərdə iştirakı, onların real şəraitlə tanış olması region haqqında obyektiv təsəvvür formalaşdırır. Beləliklə, Qarabağla bağlı köhnə narrativlər tədricən aktuallığını itirir.

Müasir beynəlxalq münasibətlərdə informasiya müharibəsi klassik hərbi mübarizə qədər əhəmiyyətlidir. Qarabağ mövzusu uzun illər informasiya manipulyasiyalarının əsas hədəflərindən biri olmuşdur. Beynəlxalq tədbirlərin azad edilmiş ərazilərdə təşkili Azərbaycanın informasiya strategiyasının da mühüm alətidir.

Bu tədbirlər çərçivəsində Ermənistanın bir çox  iddiaları ifşa olunur, Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar faktlarla təkzib edilir, dağıdılmış şəhər və kəndlərin real mənzərəsi beynəlxalq ictimaiyyətə təqdim olunur.
Xüsusilə xarici jurnalistlərin, ekspertlərin və ictimai rəy liderlərinin Qarabağa səfəri beynəlxalq mediada alternativ və daha obyektiv məlumat axınının yaranmasına səbəb olur. Bu isə uzunmüddətli perspektivdə Azərbaycanın haqlı mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Belə tədbirlərin təşkili həm də Ermənistan narrativlərinin və revanşist çağırışların neytrallaşdırılmasına xidmət edir. 
Ermənistan tərəfi postmünaqişə dövründə də müxtəlif platformalarda Qarabağla bağlı köhnə iddiaları gündəmdə saxlamağa çalışır. Təhlükəsizlik, humanitar vəziyyət və birgəyaşayış məsələləri bu narrativlərin əsasını təşkil edir. Qarabağda beynəlxalq tədbirlərin uğurla keçirilməsi bu iddialara praktik cavabdır. Xarici nümayəndə heyətlərinin sərbəst hərəkəti, tədbirlərin yüksək səviyyədə təşkili və heç bir insidentin baş verməməsi göstərir ki, Azərbaycan regionda tam təhlükəsizlik təmin edib. Bu reallıq Ermənistanın revanşist ritorikasını zəiflədir və onun beynəlxalq dəstək qazanmaq imkanlarını məhdudlaşdırır.

İqtisadi inkişaf və investisiya mühitinin formalaşdırılması da burada mühüm əhəmiyyət daşıyır. Azad edilmiş ərazilər Azərbaycanın gələcək iqtisadi inkişaf strategiyasında xüsusi yer tutur. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası”, logistika və turizm mərkəzi kimi nəzərdə tutulur. Beynəlxalq tədbirlər bu potensialın nümayişi üçün effektiv platformadır.
İqtisadi forumlar, biznes görüşləri və sərgi xarakterli tədbirlər vasitəsilə investorlar real şəraitlə tanış olur, infrastruktur layihələri təqdim edilir, əməkdaşlıq imkanları müzakirə olunur. Bu, təkcə iqtisadi maraq doğurmur, eyni zamanda uzunmüddətli etimad mühiti yaradır. İnvestor üçün ən vacib amillərdən biri təhlükəsizlik və siyasi sabitlikdir ki, beynəlxalq tədbirlərin keçirilməsi bu amillərin mövcudluğunu açıq şəkildə nümayiş etdirir.

Mədəni irsin və tarixi həqiqətlərin dünyaya çatdırılması bu tədbirlərin mədəniyyət sahəsi üzrə vacib əhəmiyyətini vurğulayır. Qarabağ Azərbaycanın zəngin mədəni və tarixi irsinin mühüm hissəsidir. İşğal dövründə bu irs sistemli şəkildə dağıdılmış, saxtalaşdırılmış və mənimsənilmişdir. Beynəlxalq mədəni tədbirlərin, festivalların və konfransların azad edilmiş ərazilərdə keçirilməsi bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. Xüsusilə Şuşada keçirilən beynəlxalq mədəni tədbirlər Qarabağın Azərbaycan mədəniyyətinin beşiyi olduğunu faktlarla sübut edir. Bu tədbirlər vasitəsilə vandalizm faktları nümayiş etdirilir, dini və mədəni abidələrin real mənzərəsi göstərilir, Azərbaycanın multikultural dəyərlərə sadiqliyi vurğulanır.
Erməni təcavüzündən  xilas olunmuş Vətən torpaqlarında təşkil olunan beynəlxalq tədbirlər regional və qlobal siyasətdə Azərbaycanın mövqeyini gücləndirir, Azərbaycanın regional liderlik potensialını real müstəviyə daşıyır. Bu addımlar göstərir ki, Azərbaycan yalnız hərbi gücə malik dövlət deyil, eyni zamanda diplomatik, mədəni və təşkilati potensiala sahib güclü dövlətdir.
Türk dünyası, İslam ölkələri və Qoşulmama Hərəkatı çərçivəsində keçirilən tədbirlər Azərbaycanın beynəlxalq təşəbbüslərinin Qarabağdan başladığını simvolik olaraq nümayiş etdirir. Bu, regionda yeni əməkdaşlıq formatlarının formalaşmasına zəmin yaradır. Beynəlxalq tədbirlərin Qarabağda keçirilməsi daxili auditoriya üçün də mühüm mənəvi və siyasi əhəmiyyət daşıyır. Bu tədbirlər cəmiyyətə göstərir ki, əldə edilən qələbə yalnız hərbi nəticə ilə məhdudlaşmır, real siyasi və beynəlxalq dividendlər gətirir.Bu proses milli birlik, dövlətə inam və gələcəyə ümid hissini gücləndirir. Qarabağ mövzusu travmatik keçmişdən inkişaf və quruculuq mərhələsinə keçid edir.
Nəticə olaraq vurğulanmalııdır ki, Qarabağın azad olunmuş ərazilərində beynəlxalq tədbirlərin keçirilməsi çoxşaxəli və dərin strateji məna daşıyır. Bu tədbirlər dövlət suverenliyini möhkəmləndirir, informasiya və ideoloji mübarizədə üstünlük yaradır,iqtisadi və investisiya potensialını önə çıxarır, Ermənistanın əsassız iddialarını zəiflədir, Azərbaycanın regional və qlobal mövqeyini gücləndirir. Beləliklə, beynəlxalq tədbirlər postmünaqişə dövründə Azərbaycanın qələbəsini sülh, inkişaf və beynəlxalq əməkdaşlıq dili ilə davam etdirməsinin bariz nümunəsidir. Qarabağ artıq münaqişənin deyil, gələcəyin və imkanların məkanı kimi formalaşır.

Nuranə Əsgərova,
58 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi