12 yanvar 2026 23:16
113

AXC-Müsavat cütlüyünün “907-ci” xəyanəti

Çox vaxt özümüz özümüzə sual veririk ki, necə oldu ABŞ hələ yaxşı tanımadığı Azərbaycan haqqında belə ədalətsiz qərar qəbul etdi.

907-ci düzəliş barədə ətraflı məlumatı olmayanların diqqətinə bir vacib məqamı çatdıraq ki, həmin hadisə 1992-ci ildə baş verib. Yəni, AXC - Müsavat cütlüyünün hakimiyyəti dövründə. O zaman dövlət idarəçiliyinə soxulmuş naşı qrup qısa müddət ərzində diplomatiyamızı, xarici əlaqələri elə kökə saldılar ki, sonda kövrək müstəqilliyini çətinliklə saxlayan Azərbaycan heç bir dövlətlə normal münasibət qura bilmədi. Nə qonşularla, nə da başqaları ilə. Niyə?! Çünki ölkə xaos içində idi. Müdafiə nazirimiz riyaziyyat, xarici işlər nazirimiz fizika müəllimi idi. Digər dövləti vəzifələr də o cür şəxslərin əlinə keçmişdi. Tələbə skamyasından birbaşa Prezident Aparatına dövlət katibi kimi məsul vəzifəyə transfer olunan Əli Kərimli kimi təcrübəsiz və fərsiz kadrlar dövləti vəzifələri qamarlamışdılar. “Kam.az”sürücüləri, dükançılar, pinəçilər,aptek işçiləri və s. mühüm vəzifələrə gətirilmişdilər. Müharibə gedən ölkədə ağıllı fəaliyyət və siyasət aparmaq onların bacardıqları iş deyildi. Sadəcə olaraq, təsadüfi “dalğa” yarıtmazları dövlət başına gətirmişdi. Onların ağlı ilə Biləcəridən o tərəfə keçmək, xalqlara işğala məruz qoyulduğumuzu çatdırmaq, diplomatik əlaqələri, xüsusilə də Azərbaycan - Amerika münasibətləri qurmaq mümkün deyildi. Kütbeyinlər dəstəsi öz başının hayına qalmışdı. Bu cür yaramaz və yarıtmaz kadrların ağılsız hərəkətləri nəticəsində hətta qonşu dövlətlərlə də düşmən münasibət yarandı. Torpağını azad edə bilməyənlər Don Kixotluq edir, özlərindən on qat güclü ölkələri hansısa bomba ilə hədələyirdilər. Əslində bu, ordusu belə olmayan bir dövlətin rəhbərlərinin hüllükbazlıqları və boşboğzlıqları idi.

1992-ci ildə və 1993-cü ilin yarısına qədər müddətdə Azərbaycanda qanunlar işləmir, cinayət hadisələrinin sayı kəlləcarxa çıxmışdı. Hər yerdə dərəbəylik və xaos hökm sürürdü. Qanunsuzluqların və cinayətkarlığın qarşısını alan yox idi, insan haqları barədə danışmağa dəyməzdi. Bərdədə günün günorta çağı şəhərin ortasında öldürülən bir nəfərin qatili tapılmadı. Ölkəmizdəki bu vəziyyəti öyrənən ABŞ Konqresində və Senatında cəmləşmiş ermənipərəst konqresmenlər və senatorlar bundan istifadə edərək bizi vəhşi adlandırırdılar. Onlar Azərbaycana qarşı sərt qərarlar qəbul etdirdilər. “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəliş də belələrindən biri idi.

Unutmayaq ki, bizim bir çox bəlalarımız, əsaslı problemlərimiz kimi, 907 - ci düzəliş də, Azərbaycana AXC - Müsavat cütlüyünün hakimiyyəti dövründən "yadigar” qalıb. Yəni, onların hakimiyyəti illərində istər Avropada, istər ABŞ-da Azərbaycan haqqında pis imic formalaşıb. Bunun ən böyük günahı da hakimiyyəti təmsil edənlərdə idi. Həmin düzəlişin (maddənin) qəbul edilməsində ən azı erməni lobbisi qədər "xidmət”i, rolu olan İsa Qəmbər, Əli Kərimli, Rəhim Qazıyev, Arif Hacılı və digər vəzifə dəllalları bu gün də “siyasət,” "diplomatiya” adinı dillərinə gətirməkdən və xarici media orqanlarında beynəlxalq siyasətlə bağlı bəlağətlə danışmaqdan utanmırlar.

Azərbaycanı müstəqilliyinin itirilməsi təhlükəsinə atan bu adamlar indi elə danışırlar ki, sanki bu məsuliyyətsizlikləri və cinayətləri bunlar etməyiblər. Halbuki Əli Kərimli, Arif Hacılı və qeyriləri indi də pozucu fəaliyyətlərini davam etdirir, həm də Azərbaycanı gözü götürməyən dairələrə xidmət edirlər. Bu hesaba firavan həyat keçirirlər-bahalı maşınlar minir, zəngin evlərdə yaşayır, hətta cangüdən saxlayırlar. Heç yerdə işləməyən bu adamlarda belə böyük məbləğ pullar haradandır? Qısaca desək, satqınlıqda və xəyanətdə. Necə deyərlər: “Keçəl halva yeyər öz minnətinə.”

Məhz onların məsuliyyətsizliyi üzündən 1992-ci ildə ədalətsiz 907-ci düzəliş qəbul edildi və indi də davam etməkdədir.

Vəli İlyasov, “İki sahil”