12 yanvar 2026 18:00
156

Su təchizatının təkmilləşdirilməsinə dair Dövlət Proqramı su ehtiyatlarının səmərəli idarə olunmasına imkan yaradacaq

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə həsr olunan müşavirə keçirilib. Bu gün həmçinin dövlət başçısının Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı Bakı və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Prezidentin Sərəncamında Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsinin həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib.

“İki sahil” xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri Arzu Süleymanov mövzunu şərh edib. O bildirib ki, Dövlət Proqramının əhatə etdiyi 2026-2035-ci illər ərzində su təchizatı və kanalizasiya sahəsində başlayacaq islahatlar ölkənin su infrastrukturunu gücləndirmək və ətraf mühitin qorunmasına töhfə vermək məqsədini daşıyır. Proqram iki əsas mərhələdən ibarət olacaq və hər iki mərhələ də ölkənin su təchizatını daha dayanıqlı və ekoloji cəhətdən təhlükəsiz hala gətirməyi hədəfləyir.

2026−2030-cü illəri əhatə edən birinci mərhələdə mövcud su və kanalizasiya şəbəkələrinin yenilənməsi və təmiri üzərində cəmləşəcək. Bu müddət ərzində yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üçün müasir texnologiyalar tətbiq ediləcək. Eyni zamanda, "ağıllı su şəbəkələri" qurulacaq və su şəbəkələrindəki itkilərin aşkarlanması məqsədilə innovativ həllər təqdim ediləcək.

2031−2035-ci illəri əhatə edən ikinci mərhələ isə su təchizatının fasiləsizliyini təmin etmək məqsədilə yeni su anbarları və nasos stansiyalarının inşasına yönələcək. Bu mərhələdə həmçinin su təchizatı və kanalizasiya şəbəkələrinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur.

Bu Proqramın icrası nəticəsində Azərbaycan içməli su mənbələrinin dayanıqlığını artıracaq, su şəbəkələrinin uçot sistemləri təkmilləşdiriləcək və alternativ su mənbələrindən istifadə ediləcək. Proqramın uzunmüddətli məqsədləri Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılaraq, müasir su təchizatı xidmətlərinin göstərilməsi və ölkənin su ehtiyatlarının səmərəli idarə olunmasına imkan yaradacaq.

Dövlət Proqramının Tədbirlər Planı su təchizatı və tullantı sularının idarə olunması sistemlərinin inkişafı, su sektorunda təbii fəlakət risklərinin və ekoloji dayanıqlığın idarə edilməsinin təmini və su sektorunda innovasiya və rəqəmsallaşması kimi üç əsas prioriteti özündə əks etdirir.

Qeyd edək ki, Dövlət Proqramında ciddi infrastruktur layihələrinin maliyyə yükünün ilkin mərhələdə dövlət-özəl əməkdaşlığı və beynəlxalq maliyyə qurumlarının kredit və qrant imkanları vasitəsilə qarşılanması nəzərdə tutulur. Bu yanaşma proqramın həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitlərinin təmin edilməsində mühüm rol oynayacaq. Bu, dövlət büdcəsinin daha optimal idarə edilməsi ilə yanaşı, xarici borcun azaldılması və beynəlxalq maliyyə qurumları ilə güclü əməkdaşlığın genişlənməsinə imkan verəcək.