12 yanvar 2026 19:56
104

Su təhlükəsizliyindən ekoloji dayanıqlılığa: 2026–2035-ci illər üzrə strateji yol xəritəsi

2026–2035-ci illəri əhatə edən Bakı və Abşeron yarımadasında su təminatı, habelə yağış və tullantı suları sistemlərinin modernləşdirilməsini hədəfləyən Dövlət Proqramına həsr olunmuş Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. 

Qəbul olunmuş dövlət proqramı ölkəmizdə ekoloji dayanıqlılığı hədəfləyən strateji bir sənəddir. Proqram çərçivəsində köhnəlmiş infrastrukturun yenilənməsi, “ağıllı su şəbəkələri”nin qurulması və su itkilərinin kəskin azaldılması üçün konkret iki mərhələli fəaliyyət planı nəzərdə tutulur. Burada beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmalar, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması və tullantı sularının təkrar emalı kimi layihələr xüsusi yer tutur. Proqramın əsas məqsədi əhalini fasiləsiz içməli su ilə təmin etmək, subasma risklərini aradan qaldırmaq və bölgənin ekoloji təhlükəsizliyini gücləndirməkdir. Sənəddə həmçinin rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və su ehtiyatlarının idarə olunmasında rəqəmsallaşma prioritet istiqamətlər kimi müəyyən edilmişdir. 

Bakı, Sumqayıt, Xırdalan və digər 64 yaşayış məntəqəsində su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması planlaşdırılır. 12 yeni kollektorun tikintisi, 3 mövcud kollektorun bərpası və 9 yeni tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur. 28 yeni su anbarının tikintisi və içməli suyun zərərsizləşdirilməsi sistemlərinin tam müasirləşdirilməsi hədəflənir. 

Qeyd edim ki, dünya əhalisinin dörddə biri, yəni 2,2 milyarddan çox insan, su qıtlığından əziyyət çəkir. Bu çatışmazlığı aradan qaldırmaq üçün dəniz suyunun duzsuzlaşdırılması, yağış suyunun təkrar istifadəsi və kanalizasiya sularının suvarmada tətbiqi kimi alternativ su mənbələrinin əldə olunması istiqamətində innovativ həllər su problemində istifadə olunur.

Ölkəmizdə də artıq bu yeniliklərə start verilir. İnnovativ üsulların və yeni texnologiyanın tətbiqi ilə dəniz suyunun duzsuzlaşdırılması və bununla da illik 100 milyon m³ içməli su təminatının yaradılması 2026-2035-ci illər üçün hədəf olaraq qoyulmuşdur. Duzsuzlaşdırma layihəsi tükənən resurslardan asılılığı azaldaraq fasiləsiz su təminatını gücləndirəcəkdir. Bu, su təminatında ən strateji alternativdir. 

Dövlət Proqramı çərçivəsində Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər yeni bir magistral kəmərin tikintisi nəzərdə tutulur. Bu kəmər vasitəsilə emal olunmuş su mövcud paylayıcı sistemə inteqrasiya ediləcəkdir. 
Beləliklə, dəniz suyunun duzsuzlaşdırılması layihəsi Bakı və Abşeronun su təminatı sisteminə nəhəng bir "süni bulaq" əlavə etmək kimidir. Bununla, çaylar və yeraltı su mənbələrindən asılılığı azaldılaraq dəniz suyunun bitməz potensialını əhalinin xidmətinə verilir. 

Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı