12 yanvar 2026 23:51
113

İranın XİN rəhbəri britaniyalı həmkarı ilə London­dakı səfirliyə hücumu müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi Böyük Britaniyadan olan həmkarı İvet Kuperlə telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki, Əraqçi bu barədə "X"də yazıb.

Paylaşımda qeyd olunur ki, tərəflər Londonda İran səfirliyinə etirazçılardan birinin hücumunu müzakirə ediblər.

"Danışıq zamanı açıq şəkildə vurğuladım ki, Böyük Britaniya beynəlxalq hüquqi öhdəliklərinə əsasən Londondakı İran konsulluğu və səfirliyinin təhlükəsizliyini təmin etməlidir. Əgər Britaniya diplomatik missiyaların müdafiəsi üzrə öz borcunu yerinə yetirə bilməsə, İran əməkdaşlarımızın təxliyəsi məsələsini nəzərdən keçirməyə məcbur olacaq", - Əraqçi qeyd edib.

İran XİN rəhbəri, həmçinin Böyük Britaniya rəhbərliyini ölkənin daxili işlərinə qarışmamaq və İsrail tərəfindən dəstəklənən, terrorizmin dayağı olan media qurumlarına qarşı tədbirlər görməyə çağırıb.

"Ofcom"un (Böyük Britaniyanın media və poçt tənzimləyicisi – red.) zorakılığa təhrik və terrorizmin tərənnümü ilə bağlı aydın qaydaları və müddəaları var. Böyük Britaniya hökuməti öz daxili qanunlarının icrasını təmin etmək üçün tədbirlər görməlidir", – Əraqçi vurğulayıb.

Qeyd edək ki, yanvarın 10-da Londonda nümayişçilərdən biri İran səfirliyinin binasının eyvanına qalxaraq hazırkı İslam Respublikası bayrağını inqilabdan əvvəlki bayraqla əvəz edib.