13 yanvar 2026 11:23
89

Minnesota hakimiyyəti ABŞ hökumətini MƏHKƏMƏYƏ VERDİ

Minnesota ştatının hakimiyyət orqanları ştat ərazisində ABŞ-ın Miqrasiya və Gömrük Xidmətinin (ICE) gücləndirilmiş şəkildə yerləşdirilməsi ilə əlaqədar federal hökumətə qarşı məhkəmə iddiası qaldırıb. Ştatın baş prokuroru Kit Ellison bildirib ki, ICE əməkdaşlarının mövcudluğu qanunsuzdur və buna son qoyulmalıdır.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Onun sözlərinə görə, hazırda baş verənlər adi immiqrasiya nəzarəti tədbirləri deyil. “Biz ICE-dən öz normal funksiyalarını yerinə yetirməməyi tələb etmirik. Biz hökumətdən hər gün küçələrimizə müdaxilə edən, Konstitusiyaya zidd göstərişlərə son qoymağı tələb edirik”, - deyə Kit Ellison NBC-yə açıqlamasında bildirib.

O əlavə edib ki, iddia ştatın dairə məhkəməsinə təqdim olunub. İş üzrə cavabdeh qismində ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və ICE, iddiaçı tərəf kimi isə Minneapolis və Sent-Pol şəhərləri çıxış edir.

Yanvarın 9-da Minneapolis şəhərində immiqrasiya qanunvericiliyinə nəzarətin sərtləşdirilməsinə qarşı etiraz aksiyaları keçirilib. "The Minnesota Star Tribune" qəzetinin yazdığına görə, etirazlara səbəb 37 yaşlı Rene Qudun qətlə yetirilməsi olub. O, qeyri-qanuni miqrantların axtarışı zamanı aparılan əməliyyat çərçivəsində ICE agentlərindən biri tərəfindən güllələnib. Şəhərin meri Ceykob Frey ICE-dən “şəhəri tərk etməyi” tələb edib.

Etiraz aksiyalarında iştirak etdiklərinə görə 30-dan çox insan saxlanılıb. "The New York Times" və CNN-in məlumatına görə, artıq Minnesotaya göndərilmiş 2 min Gömrük və Sərhəd Mühafizəsi əməkdaşına əlavə olaraq daha təxminən 1 min nəfər ştata ezam olunub.