14 yanvar 2026 15:28
83

BMT: 2026-cı ildə 186 milyon insan işsiz qalacaq

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Əmək Təşkilatının (BƏT) proqnozuna görə, 2026-cı ilin yekunlarında dünyada orta işsizlik səviyyəsi 4,9% təşkil edəcək. Bu göstərici 2025-ci illə müqayisədə dəyişməyəcək. BMT mütəxəssislərinin hesablamalarına əsasən, ilin sonuna qədər dünyada təxminən 186 milyon insan rəsmi olaraq işsiz kimi qeydə alınacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

BƏT-in məruzəsində bildirilir ki, inkişaf etmiş ölkələrdə iş yerlərinin sayı cəmi 0,5% artacaq, yoxsul ölkələrdə isə bu göstərici 3,1% olacaq. Bu fərq əsasən zəngin ölkələrdə əhalinin qocalması ilə izah olunur: əmək qabiliyyətli yaşda olan insanların sayı azalır və bu da həm yeni iş tapmağı, həm də mövcud iş yerlərinin qorunmasını çətinləşdirir.

Avropada işsizlik səviyyəsinin 5,5% həddində qalacağı proqnozlaşdırılır. ABŞ və Kanadada isə orta müddətli perspektivdə işsizliyin artmağa başlayacağı gözlənilir.

Eyni zamanda BƏT vurğulayır ki, iş yerinin olması hələ layiqli gəlir demək deyil. Dünyada təxminən 300 milyon insan gündə 3 ABŞ dollarından az qazanaraq ifrat yoxsulluq şəraitində yaşayır. Afrika və Latın Amerikası ölkələrinin bir çoxunda isə əhalinin yarıdan çoxu kölgə iqtisadiyyatında çalışır ki, bu da sosial təminat və əmək hüquqları baxımından ciddi problemlər yaradır.