14 yanvar 2026 20:14
194

Dövlət Proqramı su təhcizatı sistemini təkmilləşdirəcək

Bu il yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə ölkə başçısının  su problemlərinə strateji yanaşmasını nümayiş etdirir. Qəbul olunan Dövlət proqramı dünyada su probleminin mövcud olduğu bir zamanda ölkəmizdə su idarəçiliyində yeni yanaşmanın təşviqinə, problemin həlli yollarının araşdırlmasına və su itkisinin qarşısının alınmasına xidmət edir. İki mərhələdə (2026-2030 və 2031-2035) həyata keçiriləcək proqramın icrası zamanı  su və kanalizasiya infrastrukturunun tam yenilənməsi, fasiləsiz su təminatı səviyyəsinin 95%-ə çatdırılması nəzərdə tutulub. Ölkədə su təhlükəsizliyini təmin etməyi hədəfləyən proqram əhalinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə və Azərbaycanın beynəlxalq standartlara uyğunlaşdırılmasına, xüsusilə böyük şəhərlərdə urbanizasiya problemlərinin həllinə zəmin yaradacaq. 

Proqramın icrası nəticəsində 28-30 yeni su anbarı tikiləcək ki, bu da su ehtiyatlarının səmərəli idarə olunmasını təmin edərək, quraqlıq dövründə su çatışmazlığını aradan qaldıracaq, Azərbaycanı regionda su təhlükəsizliyi nümunəsi edəcək; bu anbarlar həm içməli su, həm də suvarma suyu ehtiyaclarını qarşılayacaq. On illik dövrü əhatə edən bu strateji sənəd yağış və tullantı sularının idarə olunması sistemlərini müasirləşdirərək, paytaxt və ətraf qəsəbələrin ekoloji təhlükəsizliyini və su təminatını yeni mərhələyə yüksəldəcək. Bu təşəbbüs eyni zamanda Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, su resurslarının effektiv istifadəsini təmin edərək, gələcək nəsillər üçün təmiz su mirasını qoruyacaq, iqlim dəyişikliyi təsirlərini yumşaldacaq və ölkənin ekoloji dayanıqlığını gücləndirəcək.

Car il yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxış edən dövlət başçısı bu məsələyə toxunaraq qeyd edib ki, bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür: “Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Qeyd etdiyim kimi, son 20 il ərzində ancaq sadaladığım, - halbuki görülən işlər qat-qat çoxdur, - layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək”.

On illik dövrü əhatə edən Dövlət Proqramı yağış və tullantı sularının idarə olunması sistemlərini müasirləşdirərək, paytaxt və ətraf qəsəbələrin ekoloji təhlükəsizliyini və su təminatını yeni mərhələyə yüksəldəcək. Ümumi olaraq, yağış suları tamamilə təmiz və ödənişsiz bir resurs olmaqla, ərazilərin su ilə təminatında mühüm vasitədir. Eyni zamanda, mütəxəssislər yağış sularını kənd təsərrüfatı üçün daha çox tövsiyə edirlər. 

Ümumiyyətlə, ölkəmizin su ehtiyatları əsasən Araz və Kür çayı, onların qolları suya olan tələbatın əhəmiyyətli hissəsini ödəyir. Azərbaycanda su ehtiyatlarının davamlı idarə olunması üçün müxtəlif layihələr hazırlanır. Bunlara sudan səmərəli istifadə, suvarma texnikasının modernləşdirilməsi, suyun təmizlənməsi və s. kimi tədbirlər daxildir. Bundan əlavə, beynəlxalq əməkdaşlıq və su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı digər ölkələrlə aparılan danışıqlar da mühüm yer tutur. Keçirilən müşavirədə bu məsələyə də toxunan ölkə Prezidenti qeyd edib ki, su mənbələri hər bir ölkə üçün çox önəmlidir: “Bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır - Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır. Bu gün problemlərdən biri həm də itkilərlə bağlıdır. Əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı bizə bu gün kifayət edərdi. Halbuki biz baxmalıyıq, gələcəyi də hesablamalıyıq. Çünki əhali artır, sənaye artır, təbii ki, tələbat da artır. Ona görə itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Bu gün bu sahədə itkilər təqribən 40-45 faizdir və qeyd etdiyim kimi, proqramın icrası nəticəsində bu, kəskin azalmalıdır”.

Qeyd edək ki, Dövlət Proqramının uğurla icra olunacağı  təqdirdə, Bakı və Abşeron yarımadası su təchizatı və kanalizasiya sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf strategiyasının növbəti real nəticəsi olacaq.

Sevda Quluyeva,
YAP Kəngərli rayon təşkilatının sədri