14 yanvar 2026 14:57
53

Zəngəzur dəhlizi: Cənubi Qafqazda rifaha və təhlükəsizliyə töhfə verəcək layihə

Aydın Quliyev: ABŞ Dövlət Departamentinin bəyan etdiyi bu yeni çərçivə sənədi Zəngəzur dəhlizi - TRIPP marşrutunun maneəsiz və tranzit rejimdə işləyəcək multimodal (avtoyol, dəmir yolu, boru kəməri və kabellər) bir keçid olacağını bir daha təsdiqləyir

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən, Orta Dəhlizin əsas tərkib hissəsinə çevrilməkdə olan Zəngəzur dəhlizi bu gün dünya diplomatiyasının diqqət mərkəzindədir. Bu layihə nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək.

Bu günlərdə ABŞ Dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) icra çərçivəsinin açıqlanmasını elan etmək üçün görüşüblər. Onların TRIPP layihəsi üzrə birgə bəyanatında deyilir ki, Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin tranziti üçün sadələşdirilmiş rejimin təmin edilməsi Ermənistanın TRIPP layihəsi çərçivəsində götürdüyü öhdəliklər sırasındadır.

Bəyanata əsasən, “Tramp Marşrutu”nun (TRIPP) əsas təyinatlarından biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təmin edilməsidir. Sənəddə vurğulanır ki, TRIPP Ermənistan ərazisindən keçməklə maneəsiz multimodal tranzit əlaqəsinin yaradılmasına yönəlib və dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət prinsipləri əsasında regional sülhə, sabitliyə və inteqrasiyaya töhfə verməyi hədəfləyir.

 ABŞ Dövlət Departamenti sənədin mətnini açıqlayıb. Bildirilir ki, bu sənəd Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün 8 avqust 2025-ci ildə Ağ Evdə qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan son addımdır. Qeyd olunur ki, çərçivə Ermənistan ərazisində maneəsiz, multimodal tranzit əlaqəsi yaratmaq məqsədi daşıyan TRIPP-in fəaliyyətə başlaması üçün konkret bir yol göstərir.

Vurğulanır ki, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirən TRIPP Transxəzər Ticarət Marşrutunda vacib bir əlaqə yaradır: “Prezident Trampın ev sahibliyi etdiyi 8 avqust 2025-ci il tarixində keçirilən tarixi Sülh Zirvəsində təsdiq edilmiş prinsipləri əks etdirən TRIPP icra çərçivəsi TRIPP-in ümumi uğuru üçün suverenliyin, ərazi bütövlüyünün və qarşılıqlılığın vacibliyini vurğulayır. TRIPP-in əsas məqsədi regional ticarət və əlaqələri genişləndirməklə, eləcə də Mərkəzi Asiya və Xəzər dənizini Avropa ilə birləşdirən yeni tranzit imkanları yaratmaqla Ermənistan və Azərbaycanın rifahını və təhlükəsizliyini gücləndirmək, Amerika ticarətini daha da inkişaf etdirməkdir”.

ABŞ Dövlət katibi Marko Rubio sosial media səhifəsində “Beynəlxalq Sülh və Rifah üçün Trampın Yolu” proqramı üçün Ermənistan-ABŞ icra çərçivəsi ilə bağlı birgə bəyanatı şərh edib. Dövlət katibi bildirib ki, sənəd beş ay əvvəl ABŞ Prezidentinin himayəsi altında keçirilən Ermənistan və Azərbaycan arasında tarixi sülh sammitində qəbul edilmiş öhdəliklərə əsaslanır: “Trampın Yolu” ticarət, tranzit və enerji axınları sahələrində Cənubi Qafqazın potensialını ortaya çıxaracaq, regionda rifahı və təhlükəsizliyi artıracaq”.

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin icra qaydasını müəyyən edən sənədi dərc edib. sənəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ Dövlət katibi Marko Rubio arasında Vaşinqtonda keçirilmiş görüşün yekunlarına əsasən təqdim olunub. Bildirilir ki, bu sənəd Ermənistan və ya ABŞ üçün hüquqi baxımdan məcburi öhdəliklər yaratmır və çərçivə xarakteri daşıyır.

Mətnə görə, TRIPP çərçivəsi Ermənistan ərazisindən keçən multimodal tranzit qarşılıqlı əlaqənin işə salınması mexanizmini təsvir edir. Layihə maneəsiz tranziti təmin etməyə, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyə və TransXəzər ticarət marşrutunun mühüm həlqəsini formalaşdırmağa yönəlmiş infrastruktur təşəbbüsü kimi təqdim olunur. Ermənistan XİN-də qeyd edir ki, layihənin icrası suverenlik, ərazi bütövlüyü və qarşılıqlılıq prinsiplərinə əsaslanır. Son məqsəd Ermənistan və Azərbaycanın təhlükəsizliyinin və iqtisadi inkişafının möhkəmləndirilməsi, həmçinin Mərkəzi Asiya, Xəzər dənizi və Avropa arasında regional ticarətin və tranzit imkanlarının genişləndirilməsi kimi göstərilir.

Siyasi şərhçi, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Zəngəzur dəhlizinin tranzit, maneəsiz və multimodal rejimdə işləyəcəyi ABŞ-da bir daha təsdiqləndi. Bu, artıq Zəngəzur dəhlizində böyük qələbə və yenilikdir: “Bu çərçivə ilə bağlı razılaşma hələ 8 avqustda Vaşinqtonda əldə edilmişdi. Rubio ilə Mirzoyanın bəyan etdikləri çərçivə sənədi Ermənistan ərazisində maneəsiz multimodal tranzit əlaqəsi yaratmaq məqsədi daşıyan TRİPP-in fəaliyyətə başlaması üçün konkret yol göstərir”.

A.Quliyev qeyd etdi ki, ABŞ Dövlət Departamentinin bəyan etdiyi bu yeni çərçivə sənədi Zəngəzur dəhlizi - TRİPP marşrutunun maneəsiz və tranzit rejimdə işləyəcək multimodal (avtoyol, dəmir yolu, boru kəməri və kabellər) bir keçid olacağını bir daha təsdiqləyir: “Azərbaycan öncədən də məsələnin gerçək məzmununun belə olacağını təşviq edirdi. Departamentin açıqladığı çərçivə sənədində “maneəsiz və transit” terminləri 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatın da ruhuna və çərçivəsinə uyğundur.”

 Zahid Rza, “İki sahil”