Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirildi. Dövlətimizin başçısının proqram xarakterli çıxışında infrastruktur layihələrinin uğurlu icrasının inkişafa geniş yol açdığı əsaslı şəkildə diqqətə çatdırıldı. Həm Bakıda, həm bütün bölgələrdə son illərdə genişmiqyaslı infrastruktur layihələri icra edilib. Bu çıxış əslində son 20 ildə aparılan məqsədyönlü siyasətin məntiqi yekunu və qarşıdakı onillik üçün aydın yol xəritəsidir. Təqribən 10 min meqavatlıq generasiya gücünün yaradılması, ötürücü xətlərin, yarımstansiyaların və paylayıcı şəbəkələrin vahid sistem halına gətirilməsi ölkənin enerji təhlükəsizliyini tam təmin edib və yeni iqtisadi imkanlar açıb. Qazlaşmanın 96 faizə çatdırılması da bu siyasətin mühüm nəticəsidir. Bu göstərici təkcə sosial rifahın yüksəlməsi deyil, eyni zamanda Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi deməkdir.
Dövlət başçısı İlham Əliyevin Sərəncamları əsasında təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bu məqsədlərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaratdı. Cənab İlham Əliyev müşavirədəki çıxışında da diqqəti bu Dövlət Proqramlarına yönədərək bildirdi ki, iyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilib. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib. Tamamilə yeni mərhələyə qədəm qoyduq. Bu gün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta elektrik enerjisini ixrac edirik. Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə, bütün bu məsələlər vahid sistem halına salınıb. Biz bu gün nəinki öz enerji tələbatımız, ixrac yolları haqqında düşünürük. Nəinki düşünürük, onları biz yaradırıq. Azərbaycan bir neçə ildən sonra necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, eyni səviyyədə elektrik enerjisini dünya bazarlarına ixrac edəcək.
Cənab Prezidentin çıxışında vurğulandığı kimi, su təchizatı və kanalizasiya sistemləri milli təhlükəsizlik, ictimai sağlamlıq və iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır. Bakı, Abşeron yarımadası və Sumqayıt ölkə əhalisinin böyük hissəsinin cəmləşdiyi, sənaye, nəqliyyat və xidmət sahələrinin intensiv inkişaf etdiyi regiondur. Bu səbəbdən sözügedən ərazilərdə su infrastrukturunun müasir tələblərə uyğun qurulması dövlət siyasətinin əsas prioritetlərindəndir. Bakı və Abşeron yarımadasında əhalinin sürətli artımı, yeni yaşayış massivlərinin salınması və iqtisadi fəallığın genişlənməsi mövcud su və kanalizasiya sistemlərinə əlavə yük yaradır. Eyni zamanda iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının azalması bu sahədə daha səmərəli və qənaətcil idarəetmə mexanizmlərinin tətbiqini zəruri edir.
Son 20 ildə inşa edilmiş dörd iri su anbarı – xüsusilə “Taxtakörpü” və “Şəmkirçay” – bu gün Bakının və ölkənin qərb bölgəsinin su təminatında həlledici rol oynayır. “Ceyranbatan” su anbarının yenidən qurulması və müasir təmizləyici qurğularla təchiz edilməsi isə paytaxtın su təhlükəsizliyinin əsas dayaqlarından biridir. Əgər bu layihələr vaxtında icra edilməsəydi, bu gün həm içməli su, həm də suvarma sahəsində çox ciddi problemlərlə üzləşmək qaçılmaz olardı.
Azad edilmiş ərazilərdə aparılan işlər isə su məsələsinin təkcə texniki yox, həm də siyasi və humanitar tərəfini açıq şəkildə ortaya qoyur. İşğal dövründə Ermənistan tərəfindən həyata keçirilən su terroru – “Sərsəng” və “Suqovuşan” su anbarlarından bir silah kimi istifadə edilməsi – region əhalisinə böyük zərər vurmuşdu. Bu gün həmin su anbarlarının bərpası, yeni su layihələrinin icrası həm ədalətin bərpası, həm də dayanıqlı inkişafın təminatıdır. “Köndələnçay”, “Xaçınçay”, “Zabuxçay” su anbarlarının yenidən qurulması, “Həkəriçay” və “Bərgüşadçay” layihələrinin planlaşdırılması azad edilmiş ərazilərin vahid infrastruktur sisteminə inteqrasiyasını sürətləndirir. Bakı və Abşeron yarımadası üçün qəbul ediləcək 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı isə uzun illər yığılıb qalmış problemlərə kompleks cavabdır. Paytaxtın içməli su, kanalizasiya və yağış suları ilə bağlı çətinliklərini hissə-hissə deyil, vahid proqram çərçivəsində həll etmək bu gün yeganə rasional yanaşmadır. Proqramın icrası nəticəsində fasiləsiz içməli su ilə təminatın 95 faizə çatdırılması, su itkilərinin 40–45 faizdən kəskin şəkildə azaldılması, kanalizasiya xidmətinin demək olar ki, bütün əhalini əhatə etməsi nəzərdə tutulur. Eyni zamanda, 30-a yaxın yeni su anbarının tikilməsi, 200 kilometrdən çox magistral kanalın və geniş paylayıcı şəbəkələrin qurulması Azərbaycanın su ehtiyatlarının daha səmərəli idarə olunmasına imkan verəcək.
Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə bir daha göstərdi ki, Azərbaycan dövləti su təsərrüfatına lokal texniki məsələ kimi deyil, kompleks dövlət siyasəti kimi yanaşır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri