15 yanvar 2026 21:18
119

Hələ çox görüşəcəyik

Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşündə bir daha bildirdi ki, uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət Zəfər çaldı

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü ilin 20 sentyabr tarixində xalqa müraciətində “Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük. Elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür” söyləyərək bu çağırışı da etmişdir ki, eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir.

Bu çağırışdan ötən iki ildən artıq dövrdə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə görülən işlərin miqyası bu torpaqlara qayıdışda özünün aydın ifadəsini tapır. Adı çəkilən rayonların kəndlərinə, Xocalı şəhərinə sakinləri mərhələli şəkildə qayıdır. Prezident İlham Əliyevin ümumilikdə işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, həm də buraya qayıdan sakinlərlə görüşü ilə yadda qalır. Bunun üçün son beş ilin statistik rəqəmlərinə diqqət yetirmək kifayətdir. Bu günədək 7 şəhər, 2 qəsəbə, 20-dən artıq kənd sakinlərinə qovuşub. Bu illər ərzində Ağdamda, Zəngilanda və Xankəndidə keçirilən Azərbaycan Milli Şəhərsalma forumlarında bu torpaqlarda aparılan bərpa-quruculuq işlərinin fonunda Azərbaycanın müasir şəhərsalma təcrübəsi, iqtisadi və maliyyə imkanları, qurucu xalq olduğumuz dünyaya təqdim edildi. Errmənilər 30 ildə bu torpaqlarda bir dənə də olsun tikili qoymamışdılar. Hamısı dağıdılmış, yerlə-yeksan edilmişdi. 5 ildə sadalamaqla bitməyən bərpa-quruculuq işlərini həyata keçirmək, bu torpaqların malik olduğu imkanlardan səmərəli istifadə etmək üçün zəruri addımlara nail olmaq böyük qürur, xoşbəxtlikdir. Dövlət başçısı İlham Əliyev hər ilin əvvəlində ənənəvi olaraq yerli televiziya kanallarına müsahibəsində Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində əldə edilən uğurlarla yanaşı, qarşıdakı ilin hədəflərini, bu ildə hansı qayıdış ünvanlarının tarixə yazılacağını da açıqlayır.

Dövlət başçısı İlham Əliyevin bu günlərdə Ağdərə rayonuna səfəri də mühüm məqamları ilə tarixə yazıldı. Dövlətimizin başçısı Ağdərə rayonunun Çapar, Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndlərində görülmüş işlərlə tanış oldu. Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edildi. Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa ediləcək. İlkin olaraq kəndə 26 ailə (96 nəfər) qayıdıb. Heyvalı kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük və heyvandarlıq təşkil edib, kənddə məktəb, klub və poçt kimi sosial obyektlər fəaliyyət göstərib. Heyvalıda mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır. İl ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna dönən 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb. Çıldıran kəndində 177 fərdi ev mövcuddur ki, onlardan da 69-u yararsız, 108-i isə qismən yararlıdır. İndiyədək 28 ev istismara hazır vəziyyətə gətirilib. Bu il daha 30 evin bərpası planlaşdırılır. Hazırda ilkin olaraq kəndə 13 ailə (48 nəfər) qayıdıb. Aşağı Oratağ kəndində ümumilikdə 308 fərdi ev var. Hazırda 100 ev görülmüş bərpa işlərindən sonra istismara hazırdır. İl ərzində daha 60 ev əsaslı təmir və bərpa olunacaq. Kəndə ilkin olaraq 31 ailə (119 nəfər) qayıdıb.

Ölkə Prezidenti Ağdərə rayonunun Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak etdi. Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş “Qozlukörpü” Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir. Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş suqəbuledici qurğu yaradılıb. Bütün texniki və ekoloji amillər nəzərə alınmaqla inşa edilən bu qurğudan stansiyaya suyun ötürülməsi üçün çətin dağlıq ərazidə 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib. Burada ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb. Stansiyanın ölkə enerjisisteminə qoşulması üçün açıq paylayıcı qurğu yaradılıb, həmçinin optik kabel xətti çəkilərək stansiya rəqəmsal idarəetmə sisteminə inteqrasiya olunub. Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Prezident İlham Əliyev Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə də tanış oldu. Bu layihənin icrası Azərbaycanda qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması, ölkəmizin ixrac qabiliyyətinin artması, işğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların səmərəli və qanuni istifadəsinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, özəl investisiyaların cəlbi regionda sənaye və dağ-mədən sahəsinin müasirləşdirilməsinə və şaxələndirilməsinə, iqtisadi fəallığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına da mühüm töhfə verir. İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın dəstəklənməsi istiqamətində Azərbaycan dövləti tərəfindən çox vacib qərarlar qəbul olunub. Həmin ərazilərimizdə dayanıqlı məskunlaşmanın, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilib.

Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, həmçinin bu ərazilərdə rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV və gömrük rüsumundan azaddır. Cənab İlham Əliyev, həmçinin Ağdərə şəhərinin Baş planı ilə tanış oldu. Baş plana əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır. Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar daxildir. Birinci mərhələdə sahəsi 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur. 2030-cu ilədək şəhərdə 3590 nəfərin məskunlaşması mümkün olacaq.

Ağdərə şəhərində Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan yaşayış binaları da istismara verildi. Bu gün Azərbaycan dövləti tərəfindən Milli Ordumuzun şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Son illər Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, hərbi qulluqçuların mənzillə təmin olunması istiqamətində mühüm layihələr icra edilib. Bütün bunlar Müzəffər Ali Baş Komandan tərəfindən qalib Ordunun şəxsi heyətinə göstərilən yüksək qayğının bariz nümunəsidir. Səfər çərçivəsində Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlininin qoyulmasında da məqsəd xüsusi təyinatlı bölmələrin müxtəlif ərazi, relyef və hava şəraitində hazırlıqlarının təmin edilməsi, həmçinin beynəlxalq hərbi əməkdaşlıq sazişləri əsasında tədbirlərin, o cümlədən təlimlərin, kursların keçirilməsidir. Mərkəzin geniş ərazisində çoxsaylı şəxsi heyətin iştirakı ilə təlim və məşqlərin keçirilməsi mümkün olacaq. Burada təlim sahələri, o cümlədən atıcı və iriçaplı silahların atış, pilotsuz uçuş aparatlarının, o cümlədən zərbə dronlarının, müxtəlif simulyasiya, xüsusi əməliyyatların, sürücülük, üzgüçülük hazırlıqlarının məşq sahələri yaradılacaq.

Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdü. Son iki il ərzində biz işğaldan azad edilmiş Ağdərə rayonunun bütün qəsəbələrində, kəndlərində monitorinq aparıldığını qeyd edən dövlətimizin başçısı bildirdi ki, artıq Ağdərə rayonunun doqquz kəndinə keçmiş köçkünlər qayıtmışlar. Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət Zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla, xoşbəxt, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir.

Qeyd etdiyimiz kimi, bütün bölgələrdə, Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir. Bu gün artıq bu torpaqlarda 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər. Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır. Bu torpaqlarda sakinlərin rahat yaşayışı üçün bütün zəruri işlər görülüb və görülür. Dövlət başçısı İlham Əliyev bu günlərdə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə bu ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən bəhs etdi. “Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik” söyləyən cənab İlham Əliyev bildirdi ki, son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay”, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay” və “Bərgüşadçay”ın tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Bu il artıq praktik işlərə başlanılacaq.

Dövlət başçısı İlham Əliyevin sözügedən səfəri zamanı Qozlukörpü kəndində təxminən 15 meqavat gücündə su elektrik stansiyasının açılışı da bu torpaqlarda infrastruktur layihələrinin icrasına xüsusi önəm verildiyinin göstəricisidir. Bu bölgə elektriklə tam təmin edilib. Hətta burada istehsal olunan enerji Azərbaycanın digər bölgələrinə də ötürülür. Yollar çəkilir. Buradan Tərtərə, Kəlbəcərə qədər yollar çəkilir, genişlənir. İşğaldan azad edilmiş ərazilərimizə qayıdan sakinlərin rifahının təmin edilməsi, işsizlik, məşğulluq probleminin həlli üçün zəruri addımlar atılır. Ağdərə rayonunda “Dəmirli” Filiz Emalı Kompleksinin yaradılması da bu məqsədə xidmət edir. Orada 1000-ə yaxın iş yeri yaradılır. Həm dövlət, həm özəl sektor tərəfindən şərait yaradılır. Sakinlərlə görüşündə cənab İlham Əliyev bu çağırışı etdi ki, bu gözəl, səfalı, mənzərəli təbiətdən istifadə edərək əkinçilik, heyvandarlıq, arıçılıq, meyvəçiliklə məşğul olmaq lazımdır ki, burada rahat, firavan yaşayasınız.

Bu torpaqlarda sakinlərin özünüməşğulluq probleminin həlli prioritetlər sırasındadır. Tarixi Zəfərimizin reallıqları fonunda iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi, Milli Prioritetlərin müəyyənləşdirilməsi azad edilmiş ərazilərimizin malik olduğu iqtisadi potensiala uyğun olaraq ixtisaslaşmanın aparılmasını şərtləndirir. Kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdirilməsi əsas hədəflərdəndir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də bu hədəflər və onların icra mexanizmləri öz əksini tapıb. Bu hədəflərdən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışdır. Bu çağırış edilir ki, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.

Dövlət başçısı İlham Əliyevin sakinlərlə elə bir görüşü yoxdur ki, tarixi Zəfərimizə gedən yoldan, 44 günlük Vətən müharibəsindən, postmünaqişə dövrünün reallıqlarından bəhs etməsin. “Biz əyilmədik, iradəmizi göstərdik və döyüş meydanında həm şəhidlərimizin qisasını aldıq, həm də torpaqlarımızı qaytardıq” deyən Prezident İlham Əliyev vurğuladı ki, son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq. Ancaq bilirdik ki, gün gələcək və biz bütün Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, mənfur düşməni torpaqlarımızdan qovacağıq və tam Qələbə qazanacağıq: “İndi də burada, - bir tərəfdə şəhid anası, bir tərəfdə ağbirçək, - sizinlə bərabər durmuşuq. Bu, çox xoşbəxt bir hissdir, xoşbəxt bir gündür, gözəl bir gündür.”

Müzəffər Ali Baş Komandan bu əminliyi də ifadə etdi ki, hələ çox görüşəcəyik. Ağdərə şəhərini də yenidən quracağıq, necə ki, artıq doqquz kəndi abadlaşdırmışıq. Bura çox gözəl bir sənaye və turizm mərkəzi olacaq.

Yeganə Əliyeva, “İki sahil”