Azərbaycanın müstəqillik yolu 1990-cı ilin yanvarında ağır sınaqlardan keçdi. Bu hadisə həm faciə kimi, həm də Azərbaycanın müasir zəfər yolunun ilk addımı kimi qiymətləndirilir. Çünki Azərbaycan xalqının çoxəsrlik tarixində dövlət müstəqilliyi uğrunda apardığı mübarizənin ən mühüm və həlledici mərhələlərindən biri idi 20 Yanvar hadisəsi. Bu tarix Azərbaycan xalqı üçün həm böyük bir kədər və faciə, həm də sarsılmaz iradənin, milli qürurun və qəhrəmanlığın rəmzidir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ ordusu yüzlərlə tank, zirehli və beynəlxalq konvensiyalarla qadağan edilmiş güllələrdən kütləvi istifadə edərək Bakıda qanlı qırğın törətdi.
Qanlı faciə nəticəsində 147 nəfər vəfat etmiş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq saxlanılmış və işgəncələrə məruz qalmış, 5 nəfər isə itkin düşmüşdür.
Faciənin ertəsi günü, yanvarın 21-də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı cinayəti törədən SSRİ rəhbərliyini kəskin ittiham etdi. O, xalqın yanında olduğunu bəyan edərək hadisəyə hüquqi və siyasi qiymət verilməsini tələb etdi. Bu çıxış həm Azərbaycan daxilində, həm də beynəlxalq aləmdə böyük rezonans doğurdu və xalqa mənəvi güc verdi.
Bakı sakinləri isə yanvarın 22-də hərbi komendantın qadağalarına baxmayaraq, şəhidlərin dəfni üçün küçələrə axışdı. Azadlıq meydanında keçirilən izdihamlı matəm mərasimi xalqın əyilməzliyini bütün dünyaya nümayiş etdirdi. Şəhidlər Dağüstü parkda - hazırkı Şəhidlər Xiyabanında dəfn olundu.
Həmin dövrdə sovet rəhbərliyi Bakını informasiya blokadasında saxlasa da, bəzi xarici jurnalistlər və media qurumları həqiqətləri dünyaya çatdıra bildilər. The New York Times", "The Times", "The Guardian" kimi nüfuzlu qəzetlər həmin günlərdə sovet ordusunun vəhşiliyini manşetlərə daşımışdı. Onlar bu hadisəni "Qorbaçovun Bakı qırğını" kimi qələmə verirdilər.
Heydər Əliyev hər il yanvarın 20-də şəxsən xiyabana gələrək şəhidlərin məzarı önünə qərənfillər düzərdi. Onun bu ənənəsi şəhid ailələrinə göstərilən dövlət qayğısının ən ali təzahürü idi. O, tez-tez qeyd edirdi: "Bizim and yerimiz Şəhidlər Xiyabanıdır. Bu yer bizim üçün həm kədər, həm də iftixar mənbəyidir."
Cənab Prezident İlham Əliyev 20 Yanvar faciəsini təkcə keçmişin ağrısı kimi deyil, həm də gələcək nəsillərin vətənpərvərlik tərbiyəsi üçün bir qəhrəmanlıq məktəbi kimi dəyərləndirir. Onun yürütdüyü siyasət nəticəsində 30 il sonra qazanılan şanlı Qarabağ zəfər sayəsində Azərbaycan bu gün şəhidlərinin ruhu qarşısında başıuca, suverenliyi tam bərpa olunmuş güclü bir dövlət kimi dayanır. Artıq Azərbaycanın hər bir qarışında dalğalanan üçrəngli bayrağımız, şəhidlərimizin qanının yerdə qalmadığının və onların müqəddəs arzularının gerçəkləşdiyinin ən uca sübutudur. Şəhidlər ölmür, Vətən isə onların çiyinlərində yüksəlir!
Bu gün Şəhidlər Xiyabanı hər bir azərbaycanlı üçün müqəddəs and yeridir. 20 Yanvar təkcə matəm günü deyil, həm də milli birliyimizin və şərəfimizin qələbə çaldığı gündür.
Türkanə Kərimova,
YAP Babək rayon təşkilatının məsləhətçisi
Milli ləyaqətin, azadlıq iradəsinin və qəhrəmanlığın tarixi simvolu - 20 Yanvar