“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışında və 5 yanvar 2026-ci ildə yerli telekanallarına müsahibəsində dilimizlə bağlı bir sıra mühüm məsələrə toxunmuş və biz dilçilərin qarşısında mühüm vəzifələr qoymuşdur. Dövlətimizin başçısının 14 yanvar 2026-cı il tarixli “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Sərəncamında da Azərbaycan dili ilə bağlı çağırışlar yer alıb. Konsepsiyada Azərbaycan dilinin mədəniyyətdəki rolunun gücləndirilməsinə, onun mahiyyətcə inkişafına, həmçinin beynəlxalq səviyyədə təbliğinə və təşviqinə ehtiyac olduğu diqqətə çatdırılır”.
Bu fikirləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, Milli Məclisin Toponimiya Komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Bildirdi ki, Azərbaycan dili inkişaf etmiş dillərdən biridir: “Bu dil Azərbaycan Respublikasının dövlət dili və onun atributlarından biridir. Hazırda bu dildə əlli milyondan çox insan danışmaqdadır. Amma etiraf edək ki, bir çox sözlərin bu gün işlənilməsi dilimiz üçün ağırlıq, müəyyən çətinliklər yaratmaqdadır. Bunlar dilimizin ahəng qanununa bəzən uyğun olmur və strukturu ilə uyuşmur. Məsələn: müvəffəqiyyət, radələrində, sərnişin, narahatlıq, müfəttiş, müttəhim, prokuror, müstəntiq, xadimə, dövr, sənəd, vəsait, sərmayə, bəhanə və s. Bəyəm müvəffəqiyyəti “uğur” və “bacarıq”, radələrini “zamanında”, “vaxtında”, sərnişini “yolçu”, müfəttişi “yoxlayıcı”, narahatlıqı “rahatsızlıq”, müttəhimi “suçlu”, prokuroru “savçı”, müstəntiqi “soruşdurmaçı”, xadiməni “təmizlikçi kimi işlətsək, dilimiz bundan nə itirər? Niyə biz bağçıya “bağban”, işçiyə “fəhlə”, eyitimə “təhsil” deməliyik. Niyə qat sözünü qoyub “mərtəbə” sözünü işlədirik. Əgər biz cangüdən sözünü “qoruyucu”, “canqoruyan” kimi işlətsək, daha doğru olmazmı? Niyə mütləq “Milli Məclis” deməliyik? “Ulusal yığıncaq” desək, olmazmı? Nə gizlədim, hərdən o cür sözləri mən özüm anlamaqda çətinlik çəkirəm”.

Müsahibimizin fikrincə, dilimizin daşıyıcıları olan bəzi insanlar öz nitqlərində Azərbaycan dilinin ziyanına olan, dilimizi korlayan sözlərə tez-tez müraciət edirlər: “Sıradan vətəndaşların bu cür hərəkətləri, əlbəttə, arzuolunmazdır. Ancaq belə insanlar televiziya, yaxud radio aparıcıları, tanınmış şəxslər olanda vəziyyət daha ciddi şəkil alır. Məsələn: “nastroyeniye”, “uje”, “molodes”, “voobşe”, “davay”, “okey”, “pardon” kimi sözlər hələ də bizim qulaqlarımızı dəng etməkdədir.
Halbuki Azərbaycan dili olduqca zəngindir, söz ehtiyatı boldur. Lakin ədəbi dil formalaşarkən bir çox uğurlu sözlərimiz diqqətdən kənarda qalmışdır. Bu gün o sözlərin dilimizə qazandırılması çox aktualdır. Belə sözlər çoxdur. Məsələn: ekspert əvəzinə “uzman”, zopa əvəzinə “toxmaq”, dəyər əvəzinə “urvat, gümrah əvəzinə “sulu”, çərçivə əvəzinə “köşə”, səda əvəzinə “ün”, cızıq əvəzinə “kərt”, zabit əvəzinə “subay”, təzyiq əvəzinə “basqı”, cənnət əvəzinə “uçmaq” və s. işlətsəydik, daha yaxşı olardı. Apardığımız müşahidələr belə deməyə əsas verir ki, türkdilli xalqların öz nitqlərində istifadə etdikləri əzəli türk sözlərini mütləq dilimizdə bərpa etməliyik”.
E. İsmayılov daha sonra bildirdi ki, alınma sözlər dünyanın bir çox dillərində mövcuddur: “Lakin elə dillər var ki, nisbətən az söz almışdır. Təəssüf hissi ilə deməliyəm ki, Azərbaycan dilində alınmalar arzuolunandan daha çoxdur. Dilimizin təmizlənməsi, saflaşdırılmasının aktual olduğu bir zamanda söz alarkən olduqca ehtiyatlı olmaq lazımdır. Alınma sözlər yalnız zəruri ehtiyacdan olmalıdır. Bir məsələni də vurğulayım ki, əksər hallarda sahibkarlar obyektlərinə milli adlar vermirlər. Hətta Xalq yazıçısı Anar müsahibələrinin birində deyib ki, şəhərin elə yerləri var ki, orada Azərbaycan dilində bir kəlmə də söz yoxdur. Təbii ki, bu, acınacaqlıdır”.
“Dilimiz min illərin sınağından çıxmışdır” sözləri ilə fikrini davam etdirən müsahibimiz qeyd etdi ki, bu dildə yaranmış ədəbi-bədii sərvətlərimiz, incəsənətimiz bir əsgər kimi dilimizin keşiyində durmaqdadır: “Bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda dilimizin saflığına xidmət naminə xeyli iş görülməkdədir. Unutmayaq ki, dövlət dili sıradan bir məsələ deyil, strateji məsələdir. Hesab edirəm ki, dilimizin saflaşdırılmasını və zənginləşdirilməsini hər kəs özündən, öz nitqindən, danışığından başlamalıdır”.
Qvami Məhəbbətoğlu, “İki sahil”