19 yanvar 2026 16:22
144

Xalqımızın qəhrəmanlıq salnaməsi

Xalqımızın müstəqillik uğrunda  mübarizə tarixinə sınaq günü kimi əbədilik daxil olmuş 20 Yanvar faciəsi təkcə əvəzsiz itkiləri, niskilləri, yaraları ilə deyil, həm də düşündürücü ibrət dərsləri ilə unudulmayacaqdır.

36 il əvvəl ölkəmizin ərazi bütövlüyünə qarşı yönəldilmiş təcavüzə etiraz edən, azadlıq, müstəqillik uğrunda şərəfli mübarizə aparan xalqımızın inam və iradəsini qırmaq, milli mənliyini məhv etmək məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən biri baş verdi.

20 Yanvara aparan yol 1988-ci ilin milli azadlıq hərəkatından başlanır. Keşmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımızı iddia edən Ermənistanın təcavüzkar hərəkətlərinə qarşı etiraz edən xalqımıza qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi ölkəmizin paytaxtı Bakıda qanlı faciəyə gətirib çıxardı.

O ağır günlərdə Azərbaycanda baş vermiş faciəli hadisələr barəsində dünya ictimaiyyətinə düzgün məlumatların çatdırılmasında ilk mənbələrdən  biri də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyində verdiyi kəskin bəyanat oldu. Bu faciədən dərhal xəbər tutan Azərbaycanın böyük və cəsarətli oğlu Heydər Əliyev siyasi təqiblər şəraitində yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək xalqımıza baş sağlığı göndərdi, mitinqdə çıxış edib xalqımıza qarşı amansız soyqırım törədənləri ifşa etdi, edilən müsibətləri dünyaya çatdırdı, mətbuat konfransı keçirərək baş verən hadisəyə  və onu törədənlərə öz münasibətini bildirdi. Heydər Əliyevin bu addımı Mixail Qorbaçovun və hadisəni törədənlərin ilk ifşası, bu qanlı aksiyaya ilk düzgün siyasi qiymət idi.

Keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu 1966-cı il tarixli Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Aktın bir sıra müddəalarını pozmuşdur.

20 Yanvar faciəsinin ölkə rəhbərliyi tərəfindən araşdırılmadığı, heç bir tədbir görülmədiyi, günahkarların aşkar edilmədiyi bir şəraitdə Naxçıvanda sıravi bir deputat kimi Heydər Əliyev “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında “ qərar layihəsi işləyib, Naxçıvan MR Ali Məclisinə təqdim etdi. Layihə müzakirə edildikdən sonra Heydər Əliyevin siyasi nüfuzu nəticəsində qəbul olundu. Bu qərarda ilk dəfə Bakıda baş vermiş yanvar faciəsinə siyasi qiymət verildi, qanlı hadisələri törədən şəxslərin məsuliyyətə cəlb olunması tələb olundu.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1993-cu ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisəsinə siyasi-hüquqi qiymət vermək mümkün oldu. Respublika Prezidentinin 1994-cü il 5 yanvar tarixli fərmanına müvafiq olaraq Milli Məclis bu məsələ ilə bağlı xüsusi iclasını keçirmiş və 1994-cü il 29 mart tarixli qərarı ilə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət vermişdir.

Ulu Öndərimiz Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının göstərilməsinə böyük diqqətlə yanaşırdı. Şəhidlər Xiyabanı daim yad edilir. Bu gün Şəhidlər Xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksi məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanda 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar Şəhidi” fəxri adı verilib.

20 yanvar faciəsinin nəinki indi, həmçinin gələcək nəsillərin qan yaddaşında əbədiləşməsi, 20 Yanvar faciəsinin dövlət səviyyəsində qeyd edilməsi üçün hər il ölkə Prezidentinin  sərəncam verməsi şəhidlərə və onların ailələrinə göstərilən ən böyük ehtiram və qayğıdır. “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2003-cü il tarixli sərəncamı həmin hadisələr zaman əlil olmuş şəxslərə dövlət qayğısının artdığına bariz nümunədir.

Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinə dövlət qayğısına xüsusi diqqət yetirir. Ölkə başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsdiq edilməsi haqqında” 2006-cı il 19 yanvar və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında 2001-ci il 19 yanvar tarixli fərmanları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinə dövlət səviyyəsində göstərilən etimadın bariz ifadəsidir.

Dahi rəhbərimiz Heydər Əliyev demişdir: “1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır övladları ilə fəxr edir”.

Qadir İbrahimov,
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri