20 yanvar 2026 23:12
94

Qar Cəlilabad–Yardımlı yolunda hərəkəti məhdudlaşdırıb, 50-dən çox kənd işıqsız qalıb

Dünən axşam saatlarından etibarən yağan qar Cəlilabad–Yardımlı avtomobil yolunda nəqliyyatın hərəkətini çətinləşdirib, dağlıq ərazilərdə isə yolun tam bağlanmasına səbəb olub. Güclü qar yağışı, eyni zamanda rayonun elektrik təsərrüfatına da ciddi ziyan vurub.

“İki sahil” xəbər verir ki, yolun bəzi hissələri qar örtüyündən təmizlənsə də, hazırda yalnız rayon mərkəzinə yaxın ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti mümkündür. Dağlıq ərazilərdə isə avtomobillərin hərəkətinə məhdudiyyətlər qalmaqdadır.

Qar kəndlərarası və kənddaxili elektrik xətlərinin bir hissəsinin qırılmasına səbəb olub. Nəticədə rayonun 50-dən çox kəndində elektrik enerjisinin verilişi dayandırılıb.

Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində ərazi üzrə bərpa işləri davam etdirilir. Elektrik təsərrüfatının normal fəaliyyətinin bərpası üçün aidiyyəti qurumların əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Hazırda bölgədə qarlı hava şəraiti davam edir.