22 yanvar 2026 12:46
126

İşçi əmək funksiyasını yerinə yetirdiyi zaman kənar bir şəxs tərəfindən xəsarət alarsa... - Vəli Quliyevdən AÇIQLAMA

Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisə barədə, ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisə baş verən gün Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməlidir.

Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Vəli Quliyev mətbuat konfransında "İşçi əmək funksiyasını yerinə yetirdiyi zaman kənar bir şəxs tərəfindən xəsarət alarsa, bu hal istehsalat qəzası kimi qiymətləndirilə bilərmi?" sualına cavabında bildirib. 

Onun sözlərinə görə, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalarla tənzimlənir. Həmin Qaydalara əsasən, işçinin əmək vəzifələrini yerinə yetirərkən, müəssisənin mənafeyi naminə fəaliyyət göstərərkən, işə gedərkən və ya işdən qayıdarkən, eləcə də əmək fəaliyyəti zamanı kənar şəxs tərəfindən bədən xəsarətləri alması halları təhqiq edilməlidir.

Daxil olmuş məlumat əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti hadisənin istehsalatla bağlılığını araşdırmaq üçün komissiya yaradır. Araşdırma başa çatdıqdan sonra işəgötürən tərəfindən müvafiq akt tərtib edilir və bir nüsxəsi zərərçəkən işçiyə təqdim olunur. Hadisəni gizlədən və ya akt tərtibindən boyun qaçıran şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Yaqut Ağaşahqızı, “İki sahil”