27 yanvar 2026 23:58
100

Eminli nekropolunda maraqlı və əhəmiyyətli tapıntılar

Masallı rayonun Eminli kəndində  son illər  aparılan elmi tədqiqatlar öz müsbət nəticələri ilə diqqət çəkir.  Kənddə aparılan təsərrüfat işləri zamanı aşkarlanan  müxtəlif dövrlərə  aid olan nəhəng küp qəbirləri  Atropatenanın siyasi və mədəni əlaqələri haqqında, eləcə  bizim eranın birinci əsrinə gedib çıxan elmi əsaslarla sübut olunan mühüm, daha maraqlı və əhəmiyyətli məlumatlar bildirir.

Eminli nekropolunda ilk küp qəbir 2022-ci ildə  aşkarlanıb. Sonrakı illərdə aparılan araşdırmalar nəticəsində  isə eyni ərazidə  iki küp qəbir də üzə çıxıb. Hər üç küpün içində  insan sümüyü qalıqları  və müxtəlif maddi-mədəniyyət nümunələri olub.  Maraqlısı odur ki, küplər onların daxilində dəfn edilmiş şəxslərin yaşına və bədən ölçülərinə uyğun formada hazırlanıb. Onlar cinsinə görə kişi, qadın və uşaq məzarlarıdır. Kişi məzarı 52 yaşlı şəxsə aid olub və diametri təxminən 170 santimetr olan iri küpdə yerləşir. Qız uşağına aid küp isə nisbətən kiçik ölçülüdür və 130–140 santimetr diametrindədir. Son aşkar edilən qadına  dair olan  küp məzarının ölçüsü isə kişiyə məxsus  ilk tapıntıdan  təxminən 10 santimetr kiçikdir. Deyilənlərə  onu da əlavə edək ki,  küplərin içərisində aşkarlanan skelet qalıqları Qafqaz irqinin cənub qoluna aiddir və   buda  bölgənin qədim etnik tərkibi ilə bağlı yeni elmi mülahizələrin yaranmasına əsas verir.

Hazırda hər üç nadir tapıntı Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır. Onlardan yalnız biri muzeyin ekspozisiyasında ziyarətçilərə nümayiş etdirilir. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirir ki, burada qorunan  küp qəbirlərdən gil və   müxtəlif su qabları, muncuqlar, kəmər bəndləri, tunc sırğalar, dəstəyi sümükdən olan bıçaq, xəncər, eləcə  digər məişət əşyaları aşkar edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü