2025-ci ildə muxtar respublikada sahibkarlıq sahəsində həyata keçirilən layihələr nəticəsində 97-i dövlət maliyyə dəstəyi, 49-u özəl investisiya hesabına olmaqla 146 layihə üzrə istehsal və xidmət sahələri istifadəyə verilib, hazırda isə 113 layihə üzrə işlər davam etdirilir.
“İki sahil” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Nazir diqqətə çatdırıb ki, 2025-ci ildə Naxçıvanda sahibkarlıq fəaliyyəti üzrə 47 lisenziya verilib. Lisenziyaların 42,6 faizi əczaçılıq, 12,8 faizi baytarlıq, 10,6 faizi yükdaşıma, 8,5 faizi rabitə, 4,2 faizi tikinti , 21,3 faizi isə digər fəaliyyət növlərinə aiddir.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 9752 icazə reyestrdə qeydiyyata alınıb, icazələrdən büdcəyə 231,6 min manat vəsait daxil olub.
O qeyd edib ki, 2024-cü illə müqayisədə icazələrin sayı 81,5 faiz, icazələrdən daxilolmalar isə 49,2 faiz artıb.
Nazir həmçinin söyləyib ki, 2025-ci ildə sahibkarlıq subyektlərinə 3 İnvestisiya Təşviqi Sənədi və 5 Təsdiqedici Sənəd təqdim edilib. Qeyd edilib ki, ümumilikdə, investisiya təşviqi mexanizmləri çərçivəsində reallaşdırılacaq layihələr hesabına yerli istehsalın genişləndirilməsi məqsədilə 13 milyon manatdan artıq vəsaitin cəlb edilməsi və 130 yeni iş yerinin yaradılması nəzərdə tutulur.