29 yanvar 2026 23:58
69

18 yaşlı Ceyhunun qəhrəmanlıq dastanı

Vətənimizin qeyrətli, mətin oğulları ayağa durub 30 il düşmən tapdağında qalan əzəli yurd yerimiz olan Qarabağı 44 günə azad etdilər. Bu qəhrəmanlıq, misilsiz hünər Azərbaycan hər tarixinə qızıl hərflərlə yazılan, dünyanı heyrətə salan bir zəfər oldu. Onun qazanılmasında Biləsuvar rayonunun Bəydilli kəndində dünyaya göz açan 18 yaşlı Ceyhun Nazim oğlu Gözəlzadə də şirin canından keçməyi bacardı. Əldə olunan parlaq qələbəmizdə yaşının çərçivəsinə sığmayan hünəri, cəsarəti onu bir evin oğlundan, bir xalqın övladına çevirdi.

Adı hər bir azərbaycanlı üçün əziz və doğma olan, həyata sevgi və gələcəyə ümidlə baxan Ceyhun kənd orta məktəbini nümunəvi davranış, yüksək qiymətlərlə bitirir. Yaşayışı rahat, yaxşı olsa da, Vətəninin bir parçası- Qarabağımıza dadanmış işğalçı erməni quldurların harınlığını heç cür vicdanına sığışdıra bilmir. Tezliklə dığaların ilan başını əzib onları Qarabağdan qovmaq inamı, qalibiyyət düşüncəsi onu ordu sıralarına aparır. 2020-ci ilin iyul ayında Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə düşməndən qisas almaq məqsədilə həqiqi hərbi xidmətə başlayır. Olduqca mərd, cəsur, ağıllı, Vətəninə, xalqına bağlı bir gənc olaraq qısa zaman kəsiyində əsgərlərin, zabitlərin hörmətini qazanır. Hamı onu Azərbaycanın ən qeyrətli oğlu bilir.

Ceyhun komandirlərin verdiyi bütün tapşırıqlarını vaxtında, dəqiq yerinə yetirir, təlimlərdə bir qayda olaraq həmişə fərqlənir. Cəsur, nümunəvi əsgər, həmçinin düşmənin işğalına qarşı barışmaz mövqe ortaya qoyur və yağıların ələ keçirdikləri Vətən torpaqların hər qarışı uğrunda son damla qanına qədər döyüşəcəyinə and içir. Ən böyük arzusu Xocalının, şəhidlərin qisasını almaq, Qarabağın, Azərbaycana məxsus bütün ərazilərin Ermənistan silahlı qüvvələrinin işğalından xilas etmək və Şuşaya kimi qəhrəmancasına vuruşmaq olur.

Ceyhun əsgərliyinin üç ayını başa vuranda İkinci Qarabağ müharibəsi başlanır. Həyatı dərk edən gündən arzuladığı məqamın yetişməsinə ürəkdən sevinir və çəkinmədən düşmənlə ölüm-dirim savaşına girir. Qatıldığı bir-neçə qızğın vuruşdan zəfərlə çıxır. Komandirləri yağı üstünə qartal kimi şığımasını, ölümün gözünə dik baxa-baxa düşmənə anında vurduğu sarsıdıcı zərbələrini görəndə onunla qürur duyurlar. Beləcə çox döyüşdə yağının kabusuna çevrilir Ceyhun.

Vətən, torpaq uğrunda hər an can qoymağa hazır olan əsgər Ceyhun müharibənin ən qaynar yeri olan Ağdərə rayonu istiqamətində gedən döyüşlərə könüllü qoşulur. Və ardıcıl olaraq üç gün erməni dığalarına qan qusdurur. Elə burada-müharibə meydanında qismətinə yazılan ən uca məqama yetişir. Şəhid olduğu yerdə daha bir qələbə bayrağımız ucalır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ali Baş Komandan İlham Əliyevin Sərəncamları əsasında milyonların ürəyində əbədi məkan quran Ceyhun Gözəlzadə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", Suqovuşanın və Füzulinin azadlığı uğrunda medalları ilə təltif edilir.

Bəli, Ceyhun Gözəlzadə ömrünün ən gözəl çağında Vətən naminə şəhidlik zirvəsinə ucaldı. Buda hər bəşər övladına nəsib olmayan böyük şərəf və qürurdur. Ceyhun kimi oğlanlar heç zaman ölmürlər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü