08 iyul 2026 19:19
75

“Metsamor”un “qəbri” qazılır...

“Metsamor” Atom Elektrik Stansiyası (AES) illərdir ki, regionun başı üzərində təhlükə mənbəyi olaraq qalmaqdadır. Onun istismar müddəti çoxdan başa çatıb. Enerji bloklarında nazaslıqlar aşkara çıxarılıb. Nəhayət, hazırkı Ermənistan rəhbərliyi AES-in ləğvi barədə düşünməyə başlayıb.

“Azərbaycan və Türkiyə ilə elektrik verilişi xətlərinin çəkilişi Ermənistanın enerji təhlükəsizliyinə töhfə verəcək”.

Bu fikri baş nazir Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, kommunikasiyaların açılması kontekstində nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin təmin edilməsi ilə yanaşı, enerji sahəsində də qarşılıqlı əlaqələrin genişləndirilməsi, o cümlədən Türkiyə və Azərbaycanla enerji əlaqələrinin inkişaf etdirilməsi vacibdir: “Bu, elektrik verilişi xətlərinin və birləşdiricilərin çəkilməsini əhatə edir ki, bu da həm enerji təhlükəsizliyinə, həmçinin “yaşıl keçid”ə töhfə verə bilər”.

Ermənistan hazırda əsasən İrandan elektrik enerjisi alır. Bundan əlavə, “Metsamor” AES də enerji təminatında müəyyən rol oynayır. Ölkə rəhbərliyi yaxın qonşuları olan Azərbaycandan və Türkiyədən elektrik enerjisi almağı planlaşdırır. Belə çıxır ki, Azərbaycan və Türkiyə ermənilərə elektrik enerjisi verəcəksə, “Metsamor” AES-in ləğvi labüd ola bilər.  Onsuz da bu barədə dəfələrlə çağırışlar edilib, orada AES-in istismar müddətini başa vurduğu, bölgə üçün təhdid yaratdığı vurğulanıb. İndi isə onun bağlanması üçün yeni imkan yaranır. Ancaq bu, elə həssas məsələdir ki, çox yaxın müddətdə həll edilə bilməz, yəni müəyyən zaman lazımdır.

Buna zaman tələb olunduğunu deyən siyasi ekspertlərin də sözlərinə görə, Azərbaycan və Türkiyənin təsiri Ermənistanı enerji asılılığından xeyli uzaqlaşdıracaq. Həmçinin daha heç kim Ermənistana əvvəlki təsirini göstərə bilməyəcək. Bunun əsas səbəbi ABŞ və Avropa İttifaqının Ermənistanda yerləşməsidirsə, digər faktor Azərbaycan və Türkiyə olacaq. O ki qaldı "Metsamor"un bağlanmasına, Ermənistan beynəlxalq konvensiyaları pozur. Belə hesab olunur ki, o, beynəlxalq təhlükəsizlik qaydalarına məhəl qoymur. "Metsamor” köhnə AES-lərdən biridir, SSRİ zamanı köhnə texnologiya ilə tikilib. Əvvəllər məlumat verilirdi ki, AES-də təhlükəli vəziyyət yaranıb, şüa sızıntısı var. Bildirilirdi ki, sızmanı aradan qaldırmaq üçün bu işi amerikalılar görmək istəyir, amma nədənsə nəticə olmadı.

Qeyd olunmalıdır ki, seysmik cəhətdən Ermənistan Kiçik Qafqazın tektonik cəhətdən ən oyanıq ərazisidir, burada hər an zəlzələ ola bilər. Zəlzələ AES-ə ziyan vura bilər ki, bu da regionda böyük fəlakətlə nəticələnir.

Bu məsələdə başlıca istiqamət Ermənistana elektrik enerjisi verməklə həm onu başqalarının caynağından qoparmaqdır, həm də regionda dayanıqlı sabitliyə xidmət etməkdir. Amma Ermənistanın baş naziri Nikol Paşinyan “Metsamor” AES-də 2036-cı ildə, yəni hazırkı aqreqatın istismar müddəti başa çatdıqdan sonra yeni enerji blokunu işə salmağı planlaşdırdığını açıqlayıb. "Metsamor” AES-in istismar müddətinin uzadılması Gürcüstan, Türkiyə, Azərbaycan, İran və Qara dənizin cənub regionunun əhalisinin, ilk növbədə isə Ermənistanın özünün əhalisinin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Elektrik xətləri olandan sonra Bakı və Ankara bu məsələni də İrəvanla müzakirə edə bilər. Avropa da Atom Elektrik Stansiyasının bağlanmasının tərəfdarıdır. Çünki Qərbdə bilirlər ki, "Metsamor" Rusiyaya aiddir və onun istismarında Moskva daha çox maraqlıdır. Ona görə Avropanın mövqeyinə görə bu stansiyanı bağlayıb təbiətə ziyan vura bilməyəcək yeni elektrik stansiyaları işə salmaq olar. Ermənistan Rusiyadan asılılığını azaltmaq və Qərblə geniş əməkdaşlığı təmin etmək istəyindən danışır. Hər vaxt təzadlı fikirləri ilə çaşdırıcı mövqedən çıxış edən baş nazirin əsl niyyəti tezliklə aşkara çıxacaq. Çünki Ermənistan üçün faciə mənbəyi olan AES-in taleyi tezliklə həll olunmalıdır. O, region ölkələrini uzun müddətə təhlükə altında saxlaya bilməz.

Vəli İlyasov, “İki sahil”