29 yanvar 2026 16:48
135

 “Əmək bazarı” bülleteninin 5-ci sayı hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Əmək bazarı” bülleteninin 5-ci buraxılışı “Regionların məşğulluq xəritəsi” mövzusuna həsr olunub.

“İki sahil” xəbər verir ki, bülleten regionlarda fəaliyyət göstərən işəgötürənlər və insan resursları sahəsində qərarverici mövqedə olan mütəxəssislər arasında aparılmış sorğunun nəticələri əsasında tərtib edilib. Təqdim olunan məlumatlar regionlar üzrə məşğulluq vəziyyətinə dair ümumi mənzərəni əks etdirir, işəgötürənlərin qarşılaşdıqları əsas çətinlikləri və peşə-bacarıq ehtiyaclarını ümumiləşdirilmiş formada təqdim edir.

Bülletenin əsas məqsədi regionlarda fəaliyyət göstərən işəgötürənlərin:

• hansı peşə qrupları üzrə işçi tapmaqda çətinlik yaşadıqlarını,

• namizədlərlə bağlı əsas problemləri necə qiymətləndirdiklərini,

• bacarıq, təcrübə və əmək davranışı ilə bağlı gözləntilərini müəyyən etmək və bu məlumatlar əsasında regionlar üzrə məşğulluq mənzərəsini formalaşdırmaqdır.

Onlayn formada keçirilmiş sorğuda respondentlərin 38,3%-i insan resursları üzrə rəhbər şəxs, 31,1%-i digər rəhbər vəzifəli şəxs, 30,6%-i isə rəhbər şəxs olub.  

Sorğunun nəticələri göstərir ki, regionlarda məşğulluqla bağlı əsas çağırış vakansiyaların mövcudluğundan daha çox, vakansiya tələbləri ilə mövcud namizəd profili arasında uyğunluğun zəif olmasıdır. Bülleten regionlar üzrə əmək bazarında formalaşan əsas tendensiyaları, işəgötürənlərin real ehtiyaclarını və bacarıq boşluqlarını analitik yanaşma əsasında təqdim etməklə məşğulluq sahəsində qərarların dəqiq məlumatlara əsaslanmasına töhfə verir.

Bülletenlə ətraflı şəkildə bu linkə daxil olaraq tanış ola bilərsiniz: https://dma.gov.az/storage/Emek-bazari-bulleteni-5-ci.pdf