30 yanvar 2026 00:14
100

Sağlam gələcək naminə…

Narkotiklərlə mübarizədə polisin rolu

Bu gün qlobal miqyasda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsində artım dinamikası müşahidə edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin 2030-cu ilə qədər narkotik istifadəçilərinin sayının əlavə 11 faiz artmasına dair proqnozları da dünya miqyasında narkotik istifadəsinin ciddi bir problem olaraq qaldığını göstərir. Ona görə də təhdidlərə münasibətdə həm beynəlxalq, həm də yerli səviyyədə əlaqələndirilmiş mübarizə tədbirlərinin görülməsi zərurətə çevrilir.

Beynəlxalq əməkdaşlıqda yeni mərhələ

Transmilli mütəşəkkil cinayətkar qrupların müxtəlif ölkələri “narkotik yuvası”na çevirmək və bununla da “qara bazar”ların sayını artırmaqla əlavə gəlir qazanmaq cəhdləri “ağ ölüm” adlandırılan narkotiklərlə mübarizədə birgə səylər göstərilməsini vacib edir. Onların ən müxtəlif və ən ağılasığmaz yollarla ölkəmizi də narkotik daşınmasında rahat güzargaha çevirmək cəhdlərinə qarşı hüquq mühafizə, daha dəqiq desək, daxili işlər orqanları prinsipial mübarizəsini 2025-ci ildə də davam etdirib. Daxili İşlər Nazirliyi (DİN) tərəfindən beynəlxalq və regional təşkilatlarla, həmsərhəd və digər ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi, POMPIDOU, GUAM və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq davam etdirilib, əməkdaşlar müxtəlif təşkilatların, eləcə də ayrı-ayrı dövlətlərin təşəbbüsü ilə videokonfrans və fiziki formatda keçirilən seminar və iclaslarda iştirak edib, qarşılıqlı informasiya və təcrübə mübadiləsi aparılıb.

Azərbaycan polisi qətiyyətli və israrlıdır...

Əhalinin genofonduna böyük zərbə kimi qəbul edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Daxili İşlər Nazirliyinin ayrı-ayrı baş idarə, idarə, şöbə və bölmələrinin əməkdaşları tərəfindən koordinasiyalı şəkildə mübarizə tədbirləri həyata keçirilib, cari ildə əməliyyat-axtarış fəaliyyətinin miqyası və effektivliyi əhəmiyyətli dərəcədə artırılıb. Daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 7.564 faktı üzrə 5 ton 675 kiloqram müxtəlif tərkibli narkotik vasitə və 126 kiloqram psixotrop maddə aşkarlanaraq götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 198 nəfərdən ibarət 88 cinayətkar qrup zərərsizləşdirilib. Sözügedən cinayətkar qruplar tərəfindən törədilmiş 283 fakt üzrə məsuliyyətə cəlb edilmiş şəxslərdən çəkisi 2 ton 643 kq narkotik vasitə və 76 kq psixotrop maddə götürülüb. Xüsusilə də son dövrlər narkotacirlər öz çirkin niyyətlərini ənənəvi üsullarla yanaşı, müasir vasitələrdən istifadə etməklə də həyata keçirməyə çalışırlar. Yəni, narkotiklərin təmassız, sosial şəbəkələr üzərindən onlayn qaydada satışını təşkil etməyə cəhd göstərirlər. Bu cəhdlərə qarşı da polis əməkdaşları tərəfindən müasir üsul və metodlardan istifadə edilməklə adekvat mübarizə aparılır, əməliyyat-texniki tədbirlərlə həmin səhifələr aşkarlanaraq bağlanılması təmin olunur. Eləcə də həmin səhifələr üzərindən satışla məşğul olan və kuryerliyə cəlb edilən şəxslər ifşa olunaraq barələrində məsuliyyət tədbirləri görülür. Bunun nəticəsidir ki, 2025-ci ildə narkotiklərin xarici ölkələrdən idarə olunan sosial şəbəkə profilləri vasitəsilə, eləcə də mobil tətbiqlər üzərindən onlayn satışı hallarının qarşısının alınması istiqamətində 586 fakt üzrə 2 ton 824 kq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Şübhəsiz ki, insanların sağlamlığına zərər vuran külli miqdarda narkotik vasitənin polisin qətiyyətli və israrlı yanaşması sayəsində aşkar edilərək qanunsuz dövriyyədən çıxarılması bir daha cinayət əməlinə görə cəza mexanizminin işlək olduğunu, qanunların aliliyinin qorunduğunu göstərir.

Polis-vətəndaş birliyi mübarizənin effektivliyini artırır...

Bu gün mübarizə tədbirləri yalnız narkotik vasitələrin qanunsuz realizəsində iştirak edənlərin ədalət mühakiməsinə cəlb olunması ilə yekunlaşmır. Daxili İşlər Nazirliyi ölkədə narkotiklərə olan tələbatı azaltmaq, antinarkotik təbliğatını daha da dərinləşdirmək, cəmiyyətimizdə, xüsusilə də gənclərdə immunitet formalaşdırmaq kimi həyativacib hədəfləri əməliyyat-axtarış fəaliyyəti ilə paralel şəkildə həyata keçirir. Bu baxımdan aidiyyəti dövlət orqanları və ictimai təşkilatlarla əlaqəli şəkildə əhali arasında aparılan maarifləndirmə işləri daha aktiv fazada icra olunur. Ərazi polis orqanları təhsil müəssisələrində maarifləndirici görüşlər keçirməklə narkotik vasitələrin insan orqaniziminə zərərləri barədə ətraflı məlumatlar verir, yeniyetmələr və gəncləri narkotikdən istifadənin həm sağlamlıq, həm də ağır hüquqi nəticələri barədə xəbərdar edirlər.

Ötən il respublika üzrə əksəriyyətində rayon polis rəislərinin də iştirakı etdiyi  iki minə yaxın belə maarifləndirmə tədbiri təşkil olunaraq keçirilib. Daxili İşlər Nazirliyinin, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki rəsmi səhifələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı cəmiyyətlə birgə mübarizənin zəruri olduğunu əks etdirən, narkotiklərin insan sağlamlığına, mənəvi və fiziki inkişafına vurduğu zərərlər, törətdiyi təhlükələr barədə gündəlik məlumatlar paylaşılıb. Hazırlanmış sosial reklamların paytaxt və bölgələrdə kütləvi nümayiş etdirilməsi mümkün olan yerlərdə yayımlanması təmin edilib. 26 iyun-"Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü" ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin effektivliyini artırmaq məqsədi ilə “Özünü qoru, narkotikə hədəf olma" adlı yeni şüarın elektron informasiya terminalları vasitəsilə nümayişi həyata keçirilib. Bütün bunlar hazırda da polisin mübarizəsinin “maarifləndirmə cəbhəsini” təşkil edir.

Göründüyü kimi, bütün cəbhələrdə bəşəri təhdidin qarşısına sədd çəkmək üçün fasiləsiz xidmət aparılır. Lakin “ağ ölüm”ə qalib gəlmək üçün vətəndaşların da polisə dəstək olması, bu zəruri prosesdə daha yaxından iştirakı, hər bir kəsin birbaşa antinarkotik təbliğatçısına çevrilməsi bütün dövrlər üçün aktualdır və 21-ci əsrin ən ağrılı problemlərindən olan narkomaniyaya qalib gəlməyin əsas düsturu sayıla bilər.

Cəsarət Qənbərli,
DİN Mətbuat Xidmətinin əməkdaşı