Zəngilan rayonunun Məmmədbəyli kəndinə 26 ailə-142 nəfər köçürülüb
Qəhrəman Azərbaycan Ordusu 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyytalara başlayaraq Zəngilan şəhərini, rayonun 4 qəsəbəsini və 49 kəndini işğaldan azad etdi. Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza müraciətində bəyan etdi.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilanda Azərbaycan Bayrağını ucaltdı. 2023-cü il iyulun 31-də isə dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi hər il Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa olunub. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlanıb. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edilib. Müharibədən dərhal sonra azad olunmuş bütün bütün rayonlarımızda olduğu kimi, Zəngilanda da sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işlərinin yüksək səviyyədə icrasına başlanılıb.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağa və Şərqi Zəngəzura davamlı səfərləri zamanı həyata keçirilən təməlqoyma və açılış mərasimləri, reallaşdırılan digər layihələr deməyə əsas verir ki, bu bölgələrin simasını tamamilə dəyişdirib. Ölkəmizin başçısının təşəbbüsü ilə burada salınan ilk “Ağıllı kənd”- Ağalı kəndi təkcə müasir texnologiyaların deyil, həm də dövlət siyasətinin mərkəzində insanın dayandığını göstərən bir nümunəyə çevrildi. Bu gün Zəngilanda yenidənqurma işləri uğurla davam edir. Ağalı kəndində sakinlər öz həyatlarına davam edir, məktəbdə dərslər keçirilir. Kənddə 200 ev inşa edilmiş,, məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST” xidmətləri və kiçik-orta biznes infrastrukturu yaradılmışdır. 2022-ci ilin may ayında ilk sakinlər doğma torpaqlarına qayıtmış, Böyük Qayıdış layihəsi çərçivəsində 175 ailənin- 871 nəfərin məskunlaşması təmin olunmuşdur. 2024-cümə il mayın 18-də Ağalı kəndində, Həkəri çayı sahilində yerləşən “Ağalı” hoteli istifadəyə verilmişdir. “Dost Aqropark” layihəsi isə bölgədə kənd təsərrüfatını canlandırmış, 500 nəfərin işlə təmin olunmasına imkan yaratmışdır. Bu layihə Zəngilanın sosial və iqtisadi həyatının bərpasında böyük rol oynayır, insanlara doğma yurdlarında yaşamaq və işləmək imkanı verir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabr tarixində mühüm qərar qəbul etmiş, “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” təsdiq olunmuşdur.
Qırx dörd günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə nəticəsində işğaldan azad edilən bütün rayonlarımız kimi, Zəngilan da özünün inkişaf və dirçəliş mərhələsinə qədəm qoyub. Böyük Qayıdış Proqramı çərçivəsində Zəngilana köç edənlərin sayı gündən-günə artır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Yanvarın 29-da Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikamızın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 26 ailə-142 nəfər köçürülüb. Ümumi sahəsi 51,6 hektar olan kəndin ilk açılış mərasimi 2024-cü il oktyabrın 28-də dövlətimizin başçısının iştirakı ilə reallaşıb. Məmmədbəyli kəndində 188 fərdi yaşayış evi inaş olunub, fasiləsiz qaz, su, elektrik enerjisi ilə təmin edilib. Evlərdən 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi ayrılıb. Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan güclü iqtisadiyyata malik olan dövlətdir. Tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür.
Zahid Rza, “İki sahil”