03 fevral 2026 12:15
176

“SOCAR Türkiyə” dayanıqlı aviasiya yanacağı ticarətinə başlayır

Elçin İbadov: Enerji sektorundakı təcrübəmiz, eləcə də inteqrasiya olunmuş biznes modelimiz dayanıqlı gələcək naminə konkret addımlar atmağımıza imkan yaradır

Türkiyənin ən böyük birbaşa xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə” enerji sektorunda dayanıqlılıq yönümlü transformasiyanı sürətləndirmək, eləcə də aviasiya mənşəli karbon emissiyalarının azaldılmasına töhfə vermək məqsədilə Dayanıqlı Aviasiya Yanacağı (SAF) ticarətinə başlayıb. Şirkət aşağı karbonlu həlləri biznes modelinin mərkəzinə alan strategiyası çərçivəsində SAF sahəsində ilk kommersiya əməliyyatını həyata keçirib.
Türk Hava Yolları ilə strateji əməkdaşlıq 

“SOCAR Türkiyə” dayanıqlı aviasiya yanacağı ekosisteminin formalaşması və inkişafını dəstəkləmək məqsədilə sektor üzrə tərəfdaşlarla əməkdaşlıqları gücləndirməyi, aviasiya sahəsində emissiyaların azaldılmasına yönəlmiş transformasiya prosesinə fəal şəkildə töhfə verməyi hədəfləyir.
Bu çərçivədə “SOCAR Türkiyə” ilə Türk Hava Yolları arasında 13 avqust 2025-ci il tarixində Dayanıqlı Aviasiya Yanacağı (SAF) sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd tərəflər arasında enerji və aviasiya sektorlarında dayanıqlılıq yönümlü strateji addımların atılması ilə bağlı qarşılıqlı razılığı əks etdirir. Həyata keçirilən ilk kommersiya əməliyyatı sözügedən əməkdaşlığın mühüm mərhələlərindən birini təşkil edir.

“SOCAR Türkiyə”nin baş icraçı direktoru: Dayanıqlılıq əsas prioritetdir

Mövzu ilə bağlı açıqlama verən “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov bildirib ki, dayanıqlılıq şirkətin fəaliyyət modelinin əsas prioritetlərindən biridir. Onun sözlərinə görə, “SOCAR Türkiyə” ətraf mühit və sosial təsirləri nəzərə alan transformasiya yanaşması ilə fəaliyyət göstərir: “Enerji sektorundakı təcrübəmiz, eləcə də inteqrasiya olunmuş biznes modelimiz dayanıqlı gələcək naminə konkret addımlar atmağımıza imkan yaradır. Qrup şirkətimiz olan “STAR Neft Emalı Zavodu”nun istehsal gücü, elmi-tədqiqat potensialı və rəqəmsal səriştələri ilə həyata keçirdiyimiz Dayanıqlı Aviasiya Yanacağı (SAF) təşəbbüsü bu baxışın mühüm təzahürlərindəndir. Reaktiv yanacaq sahəsindəki fəaliyyətimizin yaxın dövrdə daha da inkişaf edəcəyinə və yeni əməkdaşlıqlar üçün imkanlar yaradacağına inanırıq. “SOCAR Türkiyə” olaraq ekoloji və sosial faydanı əsas tutan fəaliyyət və investisiyalarımızı qətiyyətlə davam etdirəcəyik”.

Beynəlxalq standartlara uyğun istehsal

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən müəyyən edilmiş dayanıqlılıq meyarlarına uyğun şəkildə istehsal olunan Dayanıqlı Aviasiya Yanacağı (SAF) uyğun xammal seçimi və həyat dövrü qiymətləndirilməsi (LCA) şərtlərindən asılı olaraq ənənəvi reaktiv yanacaqla müqayisədə əhəmiyyətli dərəcədə aşağı emissiya səviyyəsi təmin edə bilir.
İstifadə olunmuş qızartma yağları və digər bioloji tullantılar kimi uyğun bərpaolunan mənbələrdən əldə edilən HEFA əsaslı SAF, aviasiya sektorunda emissiyaların azaldılmasına yönəlmiş beynəlxalq çərçivə sənədlərində müəyyən edilmiş əsas alətlərdən biri kimi qiymətləndirilir.

Orxan Vahidoğlu, “İki sahil”