Piramidaların altında nəhəng kompleks iddiası
Komanda sintetik aperturalı radar (SAR) texnologiyasından istifadə edildiyini açıqlayıb. İtaliyanın “Cosmo-SkyMed” və ABŞ-ın “Capella Space” peyklərindən əldə olunan 200-dən artıq skan görüntüsü təhlil olunub.
İddialara görə, diametri təxminən 2 metr olan spiralvari sütunlar, eni 80 metrə çatan zallar, həmçinin 609 metr dərinliyə qədər uzanan və təqribən 3 metr hündürlüyündə üfüqi dəhlizlər müəyyən edilib. Bu strukturların Xufu, Xafra və Menkaura piramidaları ilə yanaşı, Sfinksin altına qədər uzandığı irəli sürülür.

Piramidaların funksiyası yenidən müzakirə olunur
Rəsmi elmi mövqeyə əsasən, piramidalar təxminən 4 min 500 il əvvəl fironların məzarları kimi inşa edilib. Lakin Filippo Biondi radar məlumatlarının bu tikililərin daha böyük bir sistemin yalnız üst hissəsi ola biləcəyinə işarə etdiyini bildirir.
Co Roqanın podkast proqramında səsləndirilən bu fikirlər piramidaların görünən hissədən ibarət olmadığı ehtimallarını gücləndirib. Biondi həmçinin həmin qurğuların məzar funksiyasından kənar başqa məqsədlərə xidmət etmiş ola biləcəyini vurğulayıb.

Ərazidə aşkarlandığı bildirilən duz qalıqları isə keçmişdə dəniz sularının basqınları baş verdiyi ehtimalını gündəmə gətirib. Bu məqam Giza ərazisinin altında daha qədim bir sivilizasiyanın mövcud ola biləcəyi iddialarını dəstəkləyən amillər sırasında göstərilir.
İddialar geniş rezonans doğursa da, əsas arxeoloji dairələr məsələyə ehtiyatla yanaşır. Misirin keçmiş Qədim Əsərlər naziri doktor Zahi Həvvas radar texnologiyasının bu qədər dərinliyə nüfuz etməsinin mümkün olmadığını bildirərək araşdırmanı kəskin tənqid edib. Filippo Biondi isə sistemin klassik yeraltı radar qurğularından fərqli olduğunu və Mosul su anbarı ilə Gran-Sasso bölgəsində sınaqdan keçirildiyini qeyd edir.
Orxan Vahidoğlu, “İki sahil”