07 fevral 2026 00:13
112

Mahir Məmmədov: Növbəti il ölkə çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub

Çox maraqlı və Olimpiya sistemi ilə təşkil etdiyimiz artıq ikinci çempionatdır. Ötənilki çempionat da çox böyük səs-sədaya səbəb oldu. Ümid edirik ki, bu dəfə də müsbət rəylər alacağıq.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkə çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, turnirin mükafat fondunun artırıldığını deyib: “Növbəti il daha da artırılması nəzərdə tutulub. Bütün güclü şahmatçılar buradadır. Şahmatçılarımız Azərbaycan çempionatında iştirakın vacibliyini dərk edirlər və burada mübarizə aparmağı özlərinə borc bilirlər. Azərbaycan çempionları yığmaya birbaşa vəsiqə qazanırlar. Hər iyulun 1-də milli komandanın tərkibini müəyyən edirik. Bütün şahmatçılarımıza uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan çempionatında 46 şahmatçı iştirak edir. Kişi şahmatçılardan 30, qadınlardan isə 16 iştirakçı mübarizə aparacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Məbləğin 62 min manatı kişilərin, 30 min manatı isə qadınların çempionatına aiddir.

Turnirə fevralın 22-də yekun vurulacaq.