Fevralın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Masallı Tarix-Diyarşünaslıq Muzeyində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yaranmasının 33 illiyi ilə əlaqədar “Ümummilli lider Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda fəal qadınların iştirakı ilə tədbir keçirib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə qadın hüquqlarının müdafiəsinə yönəlmiş bir sıra fərman və sərəncamlar imzalanıb. Ümummilli Liderimizin hələ 1969-cu ildə hakimiyyətə gəldiyi dövrə nəzər salsaq, dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyini görə bilərik. Bu mənada 1993-cü ildən sonrakı dövrdə də ölkəmizdə qadınlarımızın aktiv fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Azərbaycan qadınına ən yüksək qiyməti Ümummilli lider Heydər Əliyev verib. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Ulu Öndərin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib sayırdı. Qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən biri idi. Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırıb. Məhz bu siyasətin nəticəsində Ulu Öndərin qurucusu olduğu müasir Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artıb.
Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə dövlət qadın siyasətinin hüquqi bazası möhkəmləndirilmiş, qadınların ictimai-siyasi həyata, qərar vermə proseslərinə geniş cəlb olunması təmin edilmişdir. Bu gün respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-qadın siyasəti Prezident cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda gender tərkibli bir dövlət siyasəti formalaşmışdır. Bu siyasət Azərbaycan qadınının daim irəliyə, tərəqqiyə doğru aparır, onu beynalxalq aləmdə, dünya qadınlar birliyində layigli bir yerdə saxlayır- deyə Seyfəddin Əliyev diqqətə çatdırıb.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək bildirdi ki, Ümummilli Liderin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadınların hüquqlarının təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar idi. Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var-qüvvələrini sərf edirlər. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir. Bu kimi müsbət nəticələrin əldə olunmasında Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qadın hüquqlarının qorunması üçün bir çox qanunlar qəbul etməsi, fərman və sərəncamlar imzalaması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olmasını reallaşdırması tarixi gerçəkliklərdir. Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə seçilirlər.
Tədbirdə “Şəhər 1 saylı tam orta məktəb” ərazi partiya təşkilatının sədri, Şəhid anası Mehriban Sultanova, Ərkivan qəsəbə 4 saylı məktəbin müəllimi Əzizə Əzimova, fəal qadınlardan Lətifə Qənbərzadə, Mehsaba Aslanova, Günay Xəlilova və başqaları çıxış edərək Azərbaycan qadınının keçdiyi şərəfli yoldan bəhs ediblər. Bildirilib ki, müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.