07 iyul 2026 23:58
78

Astarada şəhid ailələri ziyarət olunub

44 günlük haqq savaşımızda ordumuz şanlı qələbə qazandı. Bununla da qorxmaz, cəsur oğullarımız Vətən qeyrətini hər şeydən üstün tutaraq qanları bahasına Azərbaycanın hərb tarixinə qəhrəmanlıq salnaməsini yazdılar. Astara elinin igid ərənləri də müharibə meydanında yağıya qarşı misilsiz hünər göstərdilər. Cəmil Qurbanzadə, Nurlan Rəhimov və Əli Feyziyev məhz elə ölümsüzlüyə qovuşan, əbədi olaraq yaddaşlara köçən qəhrəmanlardandırlar. Astaralılar Vətən, torpaq uğrunda qan tökən, can qoyan öz şəhid övladlarını baş tacı hesab edir, onların xatirəsini əziz tutmağı özlərinə müqəddəs borc bilirlər.

Bu günlər isə Astaranın mədəniyyət işçiləri ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Cəmil Qurbanzadə, Nurlan Rəhimov və Əli Feyziyevin ailələrini ziyarət ediblər. Görüş zamanı şəhidlərin şərəfli ömür yolu və Vətən qarşısındakı göstərdikləri misilsiz rəşadətdən qürurla söhbət açıb, eyni zamanda şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, onlara ərzaq bağlamaları veriblər.

Ziyarətçilər, həmçinin şəhidlərin uyduğu müqəddəs yerlərə də baş çəkib, əziz xatirələrinə dərin ehtiram əlaməti olaraq məzarlarına təzə güllərdən çələng hörüblər.

Məlumat üçün bildirim ki, müqəddəsliyə tapınan ziyarət Astara rayon Mədəniyyət Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Astara rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Bəli, torpaq əgər uğrunda ölən varsa, Vətəndir. Əzəli yurd yerlərimizin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımız bunu bir daha sübut etdilər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü