10 fevral 2026 16:37
105

Saakaşvili məhkəmədə özünü təqsirli hesab etmədiyini bəyan edib

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Tbilisi Şəhər Məhkəməsində keçirilən iclasda dövlət çevrilişinə cəhd və sabotaj ittihamları üzrə özünü təqsirli hesab etmədiyini bəyan edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Interpressnews agentliyi məlumat yayıb.

Məhkəmədə çıxışı zamanı Saakaşvili bildirib ki, əslində onu dövlət çevrilişinə cəhdə görə deyil, hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilini tənqid etdiyinə görə mühakimə edirlər.

Məhkəmə iclası sabiq prezidentlə hakim Buqianişvili arasında mübahisə ilə başlayıb. Hakim Saakaşvilidən təqsirləndirilənlər üçün nəzərdə tutulan skamyada əyləşməsini xahiş etsə də, Saakaşvili “məktəbli olmadığını” və zəruri bildiyi üçün ayaqüstə dayanacağını deyib. O, həmçinin məhkəmə icraçılarının kobud davranışından şikayətlənib və hakimi “vicdansız insan” adlandırıb. Bundan sonra hakim Buqianişvili Saakaşvilini məhkəmə zalından çıxarmaqla hədələyib.

Qeyd edək ki, ötən il Gürcüstanın Baş Prokurorluğu Mixeil Saakaşvili barəsində Cinayət Məcəlləsinin 317-ci maddəsi — “Gürcüstanda dövlət hakimiyyətinin zorla dəyişdirilməsinə və devrilməsinə çağırış” üzrə altıncı cinayət işini açıb. Prokurorluq məhkəməyə Saakaşvilinin sosial şəbəkələrdə yaydığı bəyanatlardan götürülmüş skrinşotlar və çıxarışlar təqdim edib. Sözügedən maddə üzrə maksimum cəza üç ilədək azadlıqdan məhrumetmədir.